Xəbər lenti

Afrika ölkəsində tarixdə ən güclü quraqlıq proqnozlaşdırılır
Dünya 23:31 14.05.2026

Afrika ölkəsində tarixdə ən güclü quraqlıq proqnozlaşdırılır

Afrika ölkəsi Somalidə tarixdə qeydə alınmış ən güclü quraqlıq proqnozlaşdırılır. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Independent” nəşri yazıb.

Mütəxəssislər 2026-cı ilin ölkə üçün quraqlıq baxımından indiyədək ən ağır il ola biləcəyini bildirirlər. 70 yaşlı Abdi Əhməd Fərəh adlı sakin quraqlıq səbəbindən 680 keçisindən 110-nu itirdiyini deyib. Onun ailəsi gündə yalnız bir dəfə düyü, şəkər və yağla qidalanır, üç həftəlik körpə isə çox nadir hallarda ana südü ilə qidalanır.

700 ailənin yaşadığı Usgure kəndində mağazaların bağlandığı, un kisəsinin qiymətinin isə 40 ABŞ dollarına qədər - təxminən üçdə bir artdığı bildirilir.

UNİCEF-in proqnozuna görə, təxminən yarım milyon uşaq ağır kəskin qidalanma çatışmazlığı ilə üzləşə bilər. Bu rəqəm 2011 və 2022-ci illərdəki quraqlıq dövrlərindən də yüksəkdir.

Məlumata görə, Somalidəki xəstəxanalarda terapevtik süd ehtiyatı tükənib və tibb işçiləri alternativ olaraq inək südündən istifadə edirlər. Həmçinin 4 yaşlı Fərhiyə adlı qız uşağının çəkisinin cəmi 7,5 kiloqram olduğu, ciddi qidalanma çatışmazlığından əziyyət çəkdiyi bildirilir.

Uşağın anası Nəcmə isə vəziyyəti belə ifadə edib: "Ümid edəcək heç nəyim yoxdur".

Aydın
--> -->