Böyük Britaniya siyasətində İşçi Partiyası daxilində böhran dərinləşir və ardıcıl istefalar davam edir. Səhiyyə naziri Ues Stritinq istefa verdiyini açıqlayıb və baş nazir Kir Starmerə vəzifədən getməsi çağırışı edib.
Qaynarinfo xəbər verir ki, İşçi Partiyası daxilində liderlik mübahisələri kəskinləşərkən, Stritinqin çağırışı London siyasətində ciddi rezonans doğurub.
İşçi Partiyasının sağ qanadında yer alan Ues Stritinq, Kir Starmerə göndərdiyi məktubda sərt ifadələr işlədib. O, Starmerin artıq partiyanı növbəti ümumi seçkilərə aparacaq lider olmadığını iddia edib.
"The Guardian" qəzetinin məlumatına görə, Stritinq məktubunda artıq açıq şəkildə görünür ki, İşçi Partiyasını növbəti ümumi seçkilərə apara bilməyəcəksiniz ifadəsini işlədib və partiyada yeni liderlik yarışına ehtiyac olduğunu bildirib. Stritinq həmçinin özü namizəd olmayacağını qeyd edib və "geniş iştirakı olan rəsmi liderlik yarışı” çağırışı edib.
Stritinq Starmerin partiya daxilində tənqidlərə yanaşmasını da hədəf alıb və rəhbərlik üslubunun İşçi Partiyasına zərər verdiyini bildirib.
Məktubda o, belə qeyd edib: "Müxalif səslərə qarşı sərt yanaşmanız siyasətimizi zəiflədir".
Bildirilir ki, Stritinq həftə ərzində mümkün liderlik dəyişikliyi üçün dəstək toplamaq məqsədilə bir sıra deputatlarla görüşlər keçirib.
Böhran yalnız Stritinqlə məhdudlaşmayıb. Baş nazirə yaxın şəxslərdən Cess Fillips, Zübeyr Əhməd və Alekz Devis-Consun da həftə ərzində istefa verdiyi və Starmerin vəzifədən getməsini tələb etdiyi bildirilir. Partiya daxilində bəzi deputatların və keçmiş nazir müavinlərinin də Starmerin istefasını dəstəklədiyi qeyd olunur.
Stritinq son yerli seçkilərin nəticələrinin seçicilərin İşçi Partiyasından uzaqlaşdığını açıq şəkildə göstərdiyini deyib. O, Starmer rəhbərliyini vizyon çatışmazlığında günahlandıraraq bildirib: "Vizyona ehtiyac olan yerdə boşluq, istiqamətə ehtiyac olan yerdə isə sürüklənmə var".
Həmçinin hökumətin qış yanacaq ödənişinin ləğvi və miqrasiya siyasətinə dair açıqlamaların da partiyaya zərər verdiyi iddia olunur.
Aydın
Şərhlər