Xəbər lenti

Anar Rzayev:
Ölkə 20:47 14.05.2026

Anar Rzayev: "Taksilərin avtobus zolaqlarından istifadəsi gündəmdə deyil"

Bakıda taksilərin avtobus zolaqlarından istifadəsi məsələsi gündəmdə deyil.

Bu barədə "Report"a müsahibəsində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev bildirib.

Onun sözlərinə görə, taksilərin avtobus zolaqlarından istifadəsi bir çox ölkədə müzakirə olunan mövzudur: "Açıq deyim ki, hazırda biz bu məsələni gündəmdə saxlamırıq. Bunun əsas səbəbi avtobusların hərəkət intervalının qorunmasının prioritet olmasıdır. Əgər avtobusların qrafiki təmin edilməsə, digər tədbirlərin heç bir mənası qalmır. Məqsəd odur ki, ictimai nəqliyyatdan istifadə edən sərnişin avtobusa rahat və vaxtında minə bilsin. Əgər avtobuslar da digər avtomobillərlə birlikdə tıxacda qalacaqsa, insanlar ictimai nəqliyyata üstünlük verməyəcək, şəxsi avtomobilə və ya taksiyə yönələcəklər".

A.Rzayev vurğulayıb ki, vaxtilə taksilərin avtobus zolaqlarına daxil olmasına icazə verən bəzi ölkələrdə hazırda əks proses gedir: "Paris, Sinqapur və Nyu-Yorkda avtobus zolaqlarının daha sərt şəkildə təcrid olunması istiqamətində addımlar atılır. Londonda da avtobus zolaqlarından istifadəyə nəzarətin sərtləşdirilməsi prosesi başlayıb. Çünki həmin şəhərlərdə gördülər ki, avtobus intervalları pozulmağa başlayır. Bizim reallığa uyğun başqa bir nümunəni də qeyd etmək istərdim. Təsəvvür edin ki, hansısa şəxs regionlardan birində taksi fəaliyyəti üçün buraxılış kartı alır və daha sonra Bakıda avtobus zolağından istifadə edir, amma faktiki olaraq sərnişin daşımır. Sistem baxımından bu avtomobil taksi kimi görünür və avtobus zolağına daxil olur. Belə halların baş vermə ehtimalını da nəzərə almalıyıq. Ona görə də hesab edirik ki, bu məsələ ilə bağlı qərar vermək üçün əvvəlcə ümumi nəqliyyat sistemində müəyyən dəyişikliklər və əlavə tənzimləmələr həyata keçirilməlidir".

Müsahibə ilə ətraflı bu link vasitəsilə tanış ola bilərsiniz.
--> -->