Xəbər lenti

Çarmıxdan baxan dostum
Murad KÖHNƏQALA
Sənət 17:20 20.12.2024

Çarmıxdan baxan dostum

"Ürəksiz yaşayır adamlar çoxdan -
İlahi, necə də geri qalmışam" 
- yazan şair dostum Səfər Rzasoylunun bu gün doğum günüdü. 

Səfər doğrudan da, sufi könlü gəzdirən bir adamdı. Bu cür saf qalmaq, bütün pisliklərə müqavimətli yaşamaq çox ağrılı və əzablıdı. Mən öz dostuma belə uşaq kimi saf qalmağı, bu cür həssas və duyğulu olmağı heç qıymazdım və qoymazdım. Ancaq neyləməli ki, təbiət onu da bu cür "cəzalandırıb". 
Nədənsə, Səfər hərdən mənə çarmıxdan aşağı baxıb sakit, rahat gülümsəyən adam kimi görünür...

Ötən əsrin 80-ci illəri idi. Moskvada tələbə olanda dərvişliyim tutmuşdu, Sankt-Peterburqa getmişdim. Səfər də Sankt-Peterburq Universitetinin tələbəsi idi. Onunla tanış olan andan və gündən dost-qardaş olduq. 

Səfər şeiri az yazır, xəsisliklə yazır, ancaq bütün şeirləri yaşantı və duylularla naxışlıdı. Səfər şeir yazmasaydı belə, yenə mənim gözümdə-könlümdə ən gözəl şairlərdən biri kimi qalacaqdı. 

Səfərin bu dəfəki ad günündə özünün iki şeirini paylaşıram. 

Şeirin biri doğum gününə yazılmış rekviem ruhundadı. Şeir ruhən biraz depressivdi. Belə hallar, təbii ki, həssas adamlarda həmişə gəlib-gedir. İkinci şeirini isə ona görə paylaşıram ki, bu şeir birinci şeirdəki pessimist ruhu kompensa edərək işıqla, ümidlərlə yekunlaşır:

"Amma yox…
Kimsə var işıqla yuyur,
Payızla sarıyır yaralarımı..."

***

Əzzim Səfər, sənə çinarlar kimi uzun ömür, polad kimi möhkəm can sağlığı arzulayıram!
O saf, uşaq qəlbini qoruyub yaşatmaq üçün qoy, Tanrının özü sənə həmişə yardımçı olsun! 

AD GÜNÜM... REKVİYEM

Gözlərim yorulub ağlaya bilmir,
Ürəyim yorulub ağrıya bilmir.
"Yorğunluq” şeirimdən

Çıxdı eh, bir il də fələk hesabdan
Bir İl də dirəyim yıxıldı daha.
İllər itik düşür ömür kasamdan
Belə azalıram, belə sabaha…

Tabut... Ah, tərsinə çevrilmiş beşik,
Astar üzü imiş kəfənin bələk.
Min il yaşasaydıq, yenə deyərdik:
Ömür nə qısaymış, ömür nə gödək.

Elə öz səbrimə dözdüm nahaqdan
Bir sönük ümidəm - diri qalmışam.
Urəksiz yaşayır adamlar çoxdan -
İlahi, necə də geri qalmışam.

Hər yerim ağrıyır, ürəkdən savay
Duyğusuz olmuşam din ağılsızı.
Kimsə oxuyammaz köhnə könlümü
İtib əlifbası, itib yazısı... 

SƏBR

Mənim ürəyimə nə olub axı,
Keçibdi, köçübdü kürək tərəfə.
Arxadan, qəfildən sözlər saplanır
Sözlər kürəyimə - ürək tərəfə.

Tənhalıq divarı hörülür belə,
Göydən günlər enir tabut yerinə.
Uçmaq istəyirəm, sınaqdı bu da -
Tanrı qol veribdi qanad yerinə.

Getmək istəyirəm - çıxardıb, dartıb
Bu dünya qəfəsdən ayaqlarımı.
Amma yox…
Kimsə var işıqla yuyur,
Payızla sarıyır yaralarımı... 
 
  
 

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->