Xəbər lenti

Keçmişlə gələcəyin rəqsi
Murad KÖHNƏQALA
Ölkə 09:58 29.10.2024

Keçmişlə gələcəyin rəqsi

Ətrafda hər şeyin təkamülə uğradığını, pisə, yaxud yaxşıya doğru süründüyünü görürük. Artıq, bu günkü smart telefonlar muzeydə öz modern balalarına nömrələri fırlanan disklə yığılan qıvırcıq quyruqlu telefonu göstərib belə deyir: "Bax, əziz balam, unutma, bunlar bizim əcdadlarımızdı. Bir vaxtlar insanlar o diskin deşiyinə barmağını qoyaraq uyğun rəqəmləri fırladıb zəng edirlərmiş. Özü də onlarda görüntülü danışıq olmayıb, yalnız səs eşidilib. Ən vacibi də odur ki, bu telefonlar yalnız evlərdə, iş yerlərində quraşdırılıb, adamlar onu  özləri ilə götürə bilməyiblər”.

Çox maraqlıdı, həmin ev telefonları olanda da adamlar heç vaxt biri-birini itirməzdi. Evdə olanda axşamdan  vədələşərək görüş yeri təyin edər, danışılmış vaxtda  görüşərdilər. O vaxtlar insanlar daha çox görüşər, biri-birinin evinə qonaq gedər, daim ünsiyətdə olardılar. 

Belə baxanda, indiki insanlar da öz övladına meymun-primat şəklini, yaxud elə, meymunun özünü canlı göstərib deyir, oğlum, bax, bizim əcdadlarımız bunlardı. Ta, onu deyə bilmərəm, təkamülə uğrayaraq insana çevrilmək yaxşıdı, yoxsa elə meymun kimi qalmaq. 

Belə baxırsan, təkamül hər yanda, hər şeydə gedir. O gün evdə meyvə qabında sarı bir meyvə gördüm. Birini  götürüb o üz-bu üzünə çevirdim, nəysə tanımadım, axırda özündən soruşdum ki, sən kimsən? Dedi, mandarinəm! Dedim, aəə, sən hardan mandarin oldun, mandarin, axı, belə yumru olmur? Dedi, bə, nətəri olur? Dedim, görmüşük mandarin biraz yastı və müliyim olsun, ancaq sən, allah saxlamış, top kimisən, həm yumrusan, həm də daş kimisən. Dedi, bəyənmirsənsə qaytar yerimə qoy məni, sənin üçün məzə obyekti deyiləm, çox turşam...

Yedim, doğrudan da çox turş idi.

Bu hələ yaxşıdı. Bir dəfə badımcan almışdım. Bişirmək üçün doğrayanda baxdım ki, içərisində tum yoxdu. Heyrət elədim. Fikirləşdim, ola bilsin bu anormaldı, tezcə ikincisini kəsdim, gördüm bu da tumsuzdu. Üçüncüsü, beşincisi... hamısı tumsuz! Qayıdıb soruşdum ki, ay badımcanlar, məni qorxudursunuz haa, sizin tumunuz hanı? Biri soruşdu ki, tum nədi? Dedim, necə yəni, bəs, siz nədən əmələ gəlmisiniz? Badımcanların lap şişmanı qayıdasan ki, o nə deməkdi, məllim? Dedim, a kişi, hər bir bitkinin tumu olur, onu əkirlər torpağa, ondan da cücərib yenisi əmələ gəlir, bəs siz necə əmələ gəlmisiniz? Dedi, məllim, valla, əkilmə tariximiz yadıma gəlmir, bizə deyiblər siz yaddaşsızsınız, ayseymer kimi bir şey, yəni. Onçun, bizi haçan əkiblər, harda bitmişik, necə böyümüşük, necə əmələ gəlmişik – qəti yadımda deyil. Sonra da əlavə elədi ki, məllim, hardan gəldiyimizi, necə bitdiyimizi neynirsən, bişir getsin! 

Belə baxdım, doğrudan ee, məndə heç badımcan ağlı da yox imiş, neynirsən harda bitib, əsas odur ki, badımcan var, bişir getsin! Həm də ürəyimin dərinliyində fikirləşdim ki, bunu bişirib yesəm yaddaşsızlığım, alseymer olmağım sürətlənəcək yəqin. 

Bir dəfə də toyda dilim dinc durmadı, çəngəlini salata uzadan cavan oğlana dedim, sən elə bilirsən o yediyin  həqiqətən pomidordu? Yaxşı ki, musiqinin səs-küyü biraz ara vermişdi, söhbət eləməyə şans yaranmışdı. Toyda yanaşı  oturduğu adamla söhbət eləmək hər adama qismət olmur, axı. Həə, cavan oğlan dönüb soruşdu ki, əmi, pomidor deyil, bəs nədi? Dedim, bunlar pomidorun, xiyarın maketidi. Siz pomidor-xiyar yox, maket yeyirsiniz, maket! Əsil pomidoru yemək sizlərə qismət olmadı. O yediyiniz toyuq əti var ee, o da həqiqi toyuq əti deyil! Cavan oğlan da qayıdasan ki, zato, sizin də cavanlıqda smartfon telefonunuz olmayıb, onnan sonra, uşaqlıqda pleysteyşn oynamamısınız, internetiniz olmayıb, Tik-tokda video paylaşa bilməmisiniz, feyzbuk səhifəniz olmayıb, yesss, di gedin! Podumayeş, əsil toyuğu, pomidoru bunlar yeyibmiş! 

Xeyli güldüm, sonra gəncə dedim, yaxşı əsəbləşmə, dur bi dənə oynayaq. Dedi, davay ee, hansı havanı istəyirsiniz? Dedim, "Qoçəli”. Gülüb dedi, ağsaqqal, qoçu-zad nədi, mənə xox gəlirsən? Bax, yortaram aa! 

Beləcə, qalxıb yaxşı bir "Qoçəli” oynadıq. Biz qabaq-qabağa oynadıqca düşünürdüm: bu da keçmişlə gələcəyin rəqsidi... 
     
Murad Köhnəqala

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->