O gün şəhərdə bir kitab sərgisinə rast gəldim. Boşluq idi, bir az kitablara baxdım, bir-ikisini götürüb vərəqlədim də. Vərəqləyə-vərəqləyə ürəyimdə özümə belə deyirdim: "Birdən çaşıb kitab-zad alarsan aa, ağlını başına yığ, kitab oxumaq dövrü çoxdan keçib, səni tanıyanlar kitab oxuduğunu görər, biabır olarsan". Əlbəttə bu, özümə bir ironiya idi.
Ordan aralandıqdan sonra fikirləşirdim, görəsən, iqtisadi, siyasi, mədəni yönlərdən inkişaf etmiş ölkələrin də insanları mənim kimi düşünürlər? Sonra da öz sualıma özümə bəraət dolusu cavab verirəm:
"İndiki zamanda hər bir ölkə əsasən öz iqtisadiyatını, insanlar isə öz maddi durumunu yaxşılaşdırmağa, həyatını firəvan etməyə çalışmalıdı. Bütün bu işlər isə, indiki çağımızda bədii kitab oxumaqla deyil, alternativ üsullarda elm öyrənməklə başa gəlir. Məsələn, iqtisadiyatı göylərdə gedən Çində kitab oxuyan əhalinin faizi çox aşağıdı. Çünki, iqtisadi inkişafa, elmi-texniki tərəqqiyə çatmaq üçün Tolstoyu, Markesi, yaxud da Hüqonu oxumaq xeyir gətirməz. Bu işlərdə hər şeyi fizika, kimya və riyaziyat kimi dəqiq elmlər həll eləyir. Ağzında dəqiq elmlər deyirsən. Kapitalizm sistemində bir ticarətçiyə humanist olmaq çox da sərf eləməz. Vəhşi kapitalizmdə "Mumu”nu, yaxud "Səfillər”i oxuyan kommersant əvvəl-axır bankrot olmalıdı".
Mən hələ də o düşüncədəyəm ki, şeir yazmaq, kitab bağlamaq, klassik ədəbiyat formaları ilə məşğul olmaq eynən nalbəndlik, pinəçilik, yaxud dulusçuluq kimi çoxdan arxaikləşərək lazımsız, qazanc gətirməyən sənətə çevrilib. Bunları yazıram ki, həyatını yazıçılığa, şairliyə bağlayan istedadlı gənclər oxuyub düşünsünlər. Bu yazını onların beyninə bir simptom kimi atıram, sonrasını özləri bilər. Demirəm, bədii yaradıcılıqla məşğul olmayın. Deyirəm, maddi durumunuzu ürəyinizcə nizamlayacaq sənət seçib onun arxasınca gedin. Ədəbi yaradıcılıqla isə hobbi kimi məşğul olun. Bir örnək deyim. Mənim bir cərrah tanışım var, deyir ki, ağır əməliyatlardan qayıtdıqdan sonra evdə saz çalıb gərginliyimi, yorğunluğumu alıram. Yəni, bu adam aşıq deyil, sadəcə, saz çalmağı özünə hobbi eləyib. Hazır paltar alıb geyinən müasir insanların dərziyə nə qədər ehtiyacı varsa, bədii əsər oxumağa da uzağı o qədər ehtiyacı olar. Odur ki, ömrünüzü belə zəif, divident gətirməyən sənətə bağlamayın.
O gün gənc yazıçı dostumuz Kəramət Böyükçöl haqda yazdığım anekdotun da mənası bu idi: maddi durumu yüksək olan bir iş adamının bizim yazdığımız kitabları kilo ilə almağa haqqı var. Hər şeyə tacir gözü ilə baxan adamın kitablarla nə işi? Ancaq həmin tacirlər işi elə qurublar ki, biz onların satdığı malı mütləq almalıyıq. Bizim kitablar isə yalnız boş-bekar, işsiz adamlara lazım ola bilər.
Sovet vaxtı kitab oxuyanlar niyə çox idi, bilirsinizmi? Çünki, o quruluşun adı sosial bərabərlik yaratmaq iddiasında olan sosializm idi. Onda insanların iqtisadi taleyini yalnız dövlət həll eləyirdi. Hər bir vətəndaşın yaşayış minimumunu dövlət tənzimləyirdi, şəxsi mülkiyət yox dərəcəsində idi. İnformasiya küllüyü olan indiki internet şəbəkələri mövcud olmadığından axşam işdən qayıdan adamların kitab oxumağa həm vaxtı, həm də mənəvi tələbatı var idi. Həm də o vaxtlar indiki vəhşi kapitalizm dövründən fərqli olaraq yüksək mənəviyat aşılayan bədii əsərlərin mütaliəsi tamamilə yerinə düşürdü. Bugün telekanallar, virtual təmaslar müqabilində hər cür informasiya alaraq beyni doymuş məhlula çevrilən insanlar üçün isə kitab oxumaq əlavə yük sayıla bilər.
Lap yaxın keçmişimizi xatırlayaq, yadınızdamı, metro vaqonlarında çox adam qəzet, yaxud kitab oxuyurdu. Bəs, o mütaliə sevənlər birdən-birə necə yoxa çıxdılar? Deyim sizə! Heç də yoxa çıxmayıblar, sadəcə olaraq, özlərinin "informasiya oylağını" dəyişiblər. Onlar hazırda öz informasiya qidalarını kitab səhifələrindən yox, tamam başqa "meşəliklərdən", fərqli "dağlıqlardan" ovlayırlar. Feyzbukun, Tik-Tokun, İnstagramın qabağında nə kitabxana? Bu axının qabağında bestseller yazanlar da bankrotdur. Yəni, kitabın kitabı bağlanıb, artıq.
Əsər yazıb kitab bağlayanlar yenə olacaq, ancaq məhsulun, yəni kitabın satılma, oxutma üsulları tamam başqa olacaq. O sıradan elektron kitablar çoxdan mövcuddur. Bir də bəzi ölkələrdə yazarların öz yaradıcılığını elektron abunələr vasitəsilə oxutmaları, satmaları da çoxdan var. Bu cür vasitələr də elə sən deyən qazanc gətirəcək yol deyil.
Əlqərəz, bizim kimi əhalisi az, həm də oxucusu qıt olan ölkələrin yaradıcı adamları özlərinin maddi durumunu oxucunun cibinə bağlaması ağılsızlıqdı. Odur ki, əziz yazanlar, gec deyilsə, özünüzə başqa sənət seçin! Sonra deməyin ki, Murad Köhnəqala niyə deməmişdi...
Murad Köhnəqala
Şərhlər