Şəhərdə, zibil qablarının yanında, küçənin tinini özünə məskən seçmiş, təxminən 60-70 yaşlarında olan bir kişi var. Tində oturub gəlib-gedənlərdən pul istəyir. Sakit səslə yanından keçənlərin hamısına da eyni müraciəti eləyir: "Bəlkə xırda pulun ola?” Ərəbə oxşar, qara adamdı, üzü həmişə tüklü olur. Özü də, adətən, bu tip ərəbsifət adamlarda heç vaxt pozitiv enerji olmur.
Bir vaxtlar şəhərin həmin bölgəsində kirayə evdə yaşayırdım, üzüaşağı böyük marketə düşəndə həmişə onun yanından keçirdim. "Bəlkə xırda pulun ola?” İmkanım olandan yardım eləyirdim. Bəzən ordan keçəndə onu görmürdüm. Düşünürdüm, yəqin lazım olan məbləği yığıb, indi də gedib içməyə. Siqaret də çəkir. Tində oturmağının səbəbi araq-siqaret pulu, bir də "zakuska” pulu yığmaqdı.
İçməyini hardan bilmişəm? Çünki onun o tindəcə necəgəldi uzanıb yatmağını çox görmüşəm. İsti, soyuq hava ona fərq etmir. Bir də gördün uzanıb, uzanıb da demək olmaz – sərilib. Dəfələrlə görmüşəm, adam qışda uzanıb yatır, üstünə sulu qar yağır, bu dünya ilə əlaqəsi kəsilib, bihuşdu. Bəzən onu çox əndrəbadi formada uzandığını görmüşəm. Düşünmüşəm, demək, adamı bardyorda oturduğu yerdə, içdiyi arağın təsiri ilə qəfil yuxu basıb. Başı zibil qablarına tərəf, ayaqları isə tin yoluna tuşlanmış vəziyətdə uzanıb. Soyuq külək adamı kəsir, ancaq bu yatır. Sabah ordan keçəndə görmüşəm ki, adam yenə oturub öz tinində. Fikirləşmişəm, deyəsən bu kişi xəstələnməyi-zadı bir sinif kimi ləğv eləyib öz həyatından. Qarın altında, betonun üstündə əyri-üyrü vəziyətdə uzanıb yatan adam "neujeli” xəstələnmir? Bunun canı daşdandı, dəmirdəndi nədi? Adam sanki, bütün vasitələrlə ölməyə çalışır, ölmək istəyir, lakin ölə bilmir.
Əməlli-başlı paradoksdu! Cavan-cavan adamlarımız pul töküb müalicə olunurlar, yaşamaq istəyirlər, sonunda da cavan yaşlarında ölümün cəngindən xilas ola bilmirlər. Öz müalicəsi dalınca illərlə sürünənlər, sağlamlığının həyacanını yaşayanlar var, onlar tezcə ölüb gedir, ancaq bu kişi ölə bilmir! Dünyanın ən kimyəvi arağını içir, ən mənasız siqaretini çəkir, ən ucuz yeməyini yeyir, yağışda-qarda yolda yatır, ancaq ölə bilmir ki, bilmir!
Fikirləşirəm, adam niyə bu günlərə düşüb? Deyirəm, yəqin, nə vaxtsa heç özü də bilmədən həyatını dibindən əyib, əvvəlindən səhv yaşayıb ki, sonunu bu hala gətirib çıxarıb.
Məsələn, necə eləyib? Ola bilsin, bu kişi cavanlığında öz məhəlləsində sözü ötənin, söz götürməyənin biri olub. Məsələn, gənc yaşlarında məhəllədə öz tay-tuşlarından biri ilə dalaşası olub. Belə işlər olanda dalaşan tərəflərin arxasında gizlənən "dostlar” hər iki tərəfi qızışdırırlar. Və nəhayət, dalaşanlardan biri bıçağa əl atır. Adətən, bıçağa əl atan nadan gənc qarşısındakını öldürmək yox, sadəcə, ağrılı cəzalandırmaq istəyir. Ta, xəbəri yoxdu ki, bıçağı soxmaqla o, qarşıdakının daxili orqanlarını doğrayır və öldürmək istəmədiyi adam daxili qanaxmadan ölür. Çünki belə davalarda təcili yardımı iş işdən keçəndən sonra çağırırlar. Təsəvvür eləyin, kimsə zəng eləyə, təcili yardım gələ, yaralını xərəyə qoyub xəstəxanaya apara, orda onu düşürüb reanimasiyaya yerləşdirə, cərrah gəlib xəstənin halını təyin eləyə... Adətən, bu prosesin sonunda çoxlu qan itirmiş həmin yarımcan gənci əməliyat eləməkdən çəkinirlər və ölüm...
Fikirləşirəm, yəqin mənim bu "qəhrəmanım” da gəncliyində gücü çatmadığı hansısa tay-tuşuna bıçaq soxub. Hadisə yerinə böyüklər gələnə, təcili yardım çağırılana qədər iş-işdən keçib. İstintaq vaxtı da ifadə verəndə "qəhrəmanımız” təxminən belə deyib: "Qətiyən mən onu öldürmək istəmirdim, siz nə danışırsınız, biz məhlədə dost idik, sadəcə, dostum mənə qarşı çaşdı, mən də onu balaca "nakazat” eləmək istədim. Öldürmək nədi, fikirləşdim bi dənə yortum onu, ağlı başına gəlsin”.
Beləcə, "qəhrəmanımızı” qəsdən adam öldürmə maddəsilə itələyirlər "içəri”. O da iyirmi ilə yaxın "içəridə” cəza çəkir. Azadlığa çıxanda da baxır ki, gənclik gedib, yaşamaq üçün normal bir sənət öyrənə bilməyib. Onun yaşıdlarının hamısı ailəlidi, hərəsi bir işdə işləyir, bu da qalıb ortalıqda. Bəs, bu neyləsin? Yalnız fəhləlik eləyə bilər. Yox əşi, fəhləlik nədi? "Yatıb çıxmış” oğlandı, kiminsə əlinin altında fəhləlik eləmək ona ayıb olar. Həm də heç kim bu xətalı adamla işləmək istəmir, hərə bir bəhanə ilə qaçır ondan. Bəs, bu, həmin ağlı ilə necə yaşamalıdı? Axırda bu qənaətə gəlir ki, ən yaxşısı oğurluqdu! Oğurluq! Oğurluq eləyir... yenidən türmə! Beləcə, ömür-gün keçib gedir. Bir də baxır ki, ətrafında heç kim yoxdu, həyatın tən ortasında tənha qalıb. Onu bədbəxt eləyən həmin o dikbaş xarakteri də heç kimə lazım deyil. Axırda o dikbaş xarakterindən özü də iyrənir və onu bədbəxt eləyən o dikbaş xarakterini sındıraraq oturur tində, oturur və sınmış halda pul dilənir. Pul yığır ki, araq içib keyisin, bu dünyada yaşamağını unutsun...
Mən onun belə möhkəm olmasının, ölə bilməməyinin sirrini tapmışam. O, bir sovet adamıdı. Onun orqanizmisinin bünövrəsi təbii sovet qidaları ilə qoyulub. Təzə çıxan GMO qidalarının onu yıxmağa hələ də gücü çatmır. Adam çox möhkəmdi, texniki spirtdən hazırlanmış ucuz araqlar da çürüdə bilmir onun orqanizmini. Hələlik yalnız yatırda bilir...
Murad Köhnəqala
Şərhlər