Son zamanlar Bakının həddən artıq "yüklənməsi”, rayon əhalisinin buraya axınından tez-tez danışırıq. Şəhər yollarındakı maşın tıxacları, avtobus və metro basabasları, marketlərdəki, xəstəxanalardakı növbələr hamının səbrini çatlatmaqdadı.
Nə etməli, bu basabasdan şəhərin canını necə qurtarmalı? Əslində sivil dünyada böyük şəhərləri bu cür yükdən azad etmək praktikası var və biz də həmin təcrübələrdən bəhrələnə bilərik.
Məsələn, maşınların mərkəzə girişini azaltmaq üçün şəhərin ucqar girişlərində avtoparklar inşa edilməlidi. Şəhərə işə gələnlər maşınlarını həmin avtoparklarda saxlayıb özləri metro, yaxud avtobuslardan istifadə etməlidirlər.
Sonra, avtobusların sayı çoxaldılmalı, onların hərəkətində dəqiqlik və intensivlik tənzimlənməlidi. Şəhərdə yeni xəritə üzrə böyük tutumlu tramvay xəttləri çəkilməlidi.
Sonra, paytaxtdan çox da asılı olmayan ali məktəblər ölkənin başqa uyğun bölgələrinə köçürülməlidir. Bu cür köçürülmələr həm də bölgələrin ictimai, iqtisadi gəlişməsinə bir təkan olardı.
Sonra. Deyim ki, paytaxtın mərkəz ərazilərindəki köhnə tikililərin yerində yeni çoxmərtəbəli binaların inşa edilməsi kökündən yanlışdı. Bəli, vaxtı keçmiş qəzalı binalardan sakinlər köçürülməlidir, lakin həmin binaların yerində yaşayış binaları yox, yaşıllıq kompleksləri, yaxud tamam fərqli ictimai-iaşə obyektləri tikilməlidi. Çünki, kiçiktutumlu binaları söküb yerində çoxmərtəbəli binalar inşa etməyin özü də mərkəzi əlavə əhali ilə yükləyir.
Gəlin düşünək, üç-dörd çoxmərtəbəli binanı təsəvvürünüzə gətirin, o binalarda yaşayan sakinlərin sayı bir kənd əhalisi qədərdi. Həmin "kəndin” yaxınında uşaq baxçası, orta məktəb, poliklinika, yaşıl park, nə bilim, oyun meydançaları olmalıdı. Ancaq yoxdu! Bu cür qapalılığa görə imkanı olan valideynlər uşaqlarını uzaq məktəblərə, yaxud baxçalara maşında aparırlar. Bu da səhər tıxaclarının yaranma səbəblərinin üstünə gəlir.
Sonra, şəhərin mərkəzində belə domino daşlarından ucaldılmış oyuncağa bənzəyən sıx çoxmərtəbəlilər artdıqca ağaclara yer qalmır və nəticədə istilər düşən kimi şəhər əhalisi havasızlıqdan boğulur. Bakı getdikcə yaşıllıqdan məhrum, ağacsız, uca binalardan ibarət kosmik şəhərə bənzəməkdədi!
Mənim ən çox bəyəndiyim və həmişə ürəyimdə alqışladığım köhnə Sovetski məhəllələrinin yuxarı tərəfində, Statistika idarəsinin önündə salınmış, Milli Dram Teatrının binasına qədər uzanan böyük "Qlobal” parkıdı. Sovetskinin bir vaxtlar iç-içə düzülmüş köhnə məhəllələrinin sakinlərini şəhərin başqa-başqa yerlərinə köçürdükdən sonra yerində yaşıllıqlarla uzanan gözəl bir gəzinti parkı salıblar.
Sonra, gələk şəhərin əhali yükünün azaldılmasının ən lazımlı məqamına. İşsizlikdən əziyət çəkən gənclər məcburən kənd rayonlarından şəhərlərə, xüsusən də Bakıya axın edirlər. Bir dəfə kafelərin birində qarsonluq edən cavan oğlan dedi ki, kənddə bizim üç hektar torpağımız var. Bəs, üç hektar torpağı olan işgüzar bir gənc niyə gəlib günəmuzd fəhləlik eləsin? Səbəb kənd yerlərində suvarma sisteminin bərbad olmasıdı. Torpaq var, ancaq əkib becərmək üçün suvara bilmirlər. Sovetlər dönəmində arxlar gur gəlir, kanallar çəkilir, artezianlar vurulurdu. Bir qarış belə, xam torpaq qalmırdı. Ancaq hazırda kənd təsərrüfatımız bərbad olduğuna görə əhaliyə bölünmüş pay torpaqlarımız becərilməmiş, xam buraxılır. Bu da gənclərin işsizliyinə, şəhərlərin sıxlığına gətirib çıxarır. Mənim fikrimcə, əyalətlərimizdə suvarma sistemi tənzimlənərsə ölkədəki işsizlik, ölkədən köçüb getmə problemi yarıbayarı azalardı.
Sadaladığımız bu və oxşar problemlər aradan qalxmayınca şəhərin yükü azalmayacaq. Yaxın tarixə nəzər salsaq görərik ki, Cənubi Qafqazın mədəni və siyasi paytaxtı Tiflis olub, odur ki, regionun ictimai-siyasi taleyi həmişə bu şəhərdə həll olunub. Hətta 1918-ci ildə Azərbaycan, Gürcüstan və Ermənistan öz dövlət müstəqilliyini Tiflisdə elan ediblər. Bir müddət Rus çarlarının Tiflisdə rəsmi və qeyri-rəsmi "ofis”ləri olub. Qərb və Rusiya "Qafqaz gündəliyi”ni həmişə bu şəhərdən icra edib. SSRİ-dən sonra Qərbin, ABŞ-ın təsisatlarının ən əhəmiyətli ofisləri əsasən Tiflisdə yerləşirdi. Yaxınlara qədər region ölkələrində Qərb layihələrinin icrası və müxalif qüvvələrin qrantlarla maliyələşdirilməsi də əsasən Tiflisdən idarə olunurdu.
Lakin İkinci Qarabağ Müharibəsi təkcə Azərbaycanın deyil, ümumilikdə Cənubi Qafqazın taleyində tarixi rol oynadı və artıq, Bakı Cənubi Qafqazın mərkəzinə çevrilməkdədi. Odur ki, biz Bakını basabaslar şəhəri, Çin şəhəri olmaqdan xilas etməliyik.
Murad Köhnəqala
Şərhlər