Prezident Volodimir Zelenski ABŞ-dan guya 500 milyard dollar yardım alındığı barədə məlumatın həqiqətə uyğun olmadığını bildirib və bu vəsaitlərin minerallar və ya digər resurslarla qaytarılması tələblərini "ciddi olmayan söhbət” adlandırıb.
Qaynarinfo xəbər verir ki, bu barədə Zelenski 19 fevralda keçirdiyi mətbuat konfransında
deyib.
"Bizdə tamamilə fərqli rəqəmlər var. Hər şey çox aydındır. Müharibə bizə 320 milyard dollara başa gəlib. Bunun 120 milyardı – biz, Ukrayna xalqı və vergi ödəyicilərimiz tərəfindən ödənilib. 200 milyardı – ABŞ və Avropa müttəfiqləri tərəfindən. Bu, silah paketləridir. Ümumilikdə ABŞ bizə təxminən 67 milyard dollar dəyərində silah, 31,5 milyard dollar isə birbaşa büdcəyə maliyyə yardımı ayırıb”, - Zelenski bildirib.
Eyni zamanda, Zelenski 500 milyard dollar yardım və bu vəsaitlərin minerallar və ya digər resurslarla qaytarılması tələblərinin həqiqətə uyğun olmadığını vurğulayıb.
"Bəzi əlavə proqramlar olub, əlbəttə, humanitar yardıma görə minnətdarıq, amma iddia etmək ki, ümumi yardım 500 milyard dollar təşkil edib və bunun qarşılığında minerallar və ya başqa bir şey tələb etmək – bu, ciddi deyil. Lakin biz ciddi sənədlərə hazırıq. Bizə təhlükəsizlik zəmanətləri lazımdır”, – deyə prezident əlavə edib.
Xatırladaq ki, 11 fevralda ABŞ prezidenti Donald Tramp Ukraynanın prinsipcə ABŞ-a öz ərazisində qiymətli mineralların hasilatı üçün giriş hüququ verməyə razılaşdığını və müharibənin, mümkün danışıqların necə inkişaf etməsindən asılı olmayaraq, belə bir anlaşmaya ümid etdiyini söyləyib.
"Ora [Ukraynaya] 500 milyard dollar dəyərində nadir torpaq mineralları formasında ekvivalent istəyəcəyimi dedim və onlar prinsipcə buna razılaşdılar”, – o zaman Tramp bildirib.
Lakin 15 fevralda məlum olub ki, Tramp administrasiyası Ukraynaya təklif edib ki, ölkənin nadir torpaq minerallarının 50%-ni ABŞ-a versin. Lakin Zelenski bu sənədi imzalamaqdan imtina edib. Ağ Ev isə bu qərarı "uzaqgörənlikdən uzaq addım” adlandırıb.
Alpər
Şərhlər