Xəbər lenti

Zaqatala komandasının çempionatdan uzaqlaşdırılmasının pərdəarxası - Nə baş verib?
İdman 15:28 22.02.2024

Zaqatala komandasının çempionatdan uzaqlaşdırılmasının pərdəarxası - Nə baş verib?

AFFA daha bir komandanı Azərbaycan çempionatından kənarlaşdırıb. Söhbət U-14 liqasında çıxış edən "Viktoriya Zaqatala”dan gedir. Buna səbəb komandanın fevralın 18-də "Qafqaz Arena” ilə matça təyin edilən vaxtda gəlməməsi olub. Nəticədə oyun baş tutmayıb. 

Qurum Zaqatala təmsilçisinə 0:3 hesablı məğlubiyyət verib. Üstəlik bu hal üçüncü dəfə baş verdiyi üçün komanda yarışdan kənarlaşdırılıb. Əslində, Zaqatala təmsilçisi AFFA-nın yarışlarından uzaqlaşdırılan ilk komanda deyil. Buna qədər də dəfələrlə başqa uşaq komandaları haqda müxtəlif səbəblərdən eyni qərarlar çıxarılıb və ölkə çempionatından uzaqlaşdırılıb. Məsələ burasındadır ki, bölgələrdəki uşaq komandalarına AFFA sponsorluq edir, gediş-gəliş xərclərini qarşılayır. Amma onların əksəriyyəti heç də uzunömürlü olmur. Sanki belə komandaları formalaşdıranlar onlara ayrılan pulları bir müddət mənimsəyib, sonra dağıtmaq üçün yaradır. Bəs nə baş verib ki, Zaqatala təmsilçisi oyuna gəlməyib? Özü də üçüncü dəfə.

Məsələ ilə bağlı əvvəlcə komandanın baş məşqçisi Firudin Mövsümovla əlaqə saxladıq. Məşqçi Qaynarinfo-ya açıqlamasında AFFA-nı günahlandıraraq, onlara verilməli olan yolpulunun ödənilmədiyini, bu səbəbdən səfər matçına gedə bilmədiklərini dedi:

"Bir dəfə xəstəliklə bağlı problem oldu. Sonra yolpulumuzu ödəmədilər. AFFA Qəbələdəki oyunlara getmək üçün 150 manat ayırır. Ancaq pullar oyun keçiriləndən sonra ödənilir. Sonuncu dəfə "Qafqaz Arena” ilə oyuna ayın dördündə getmişdik. Həmin oyun üçün yolpulu verilməyib. Səhv etmirəmsə, ayın 18-i yenə səfərdə oyun olmalı idi. Pul ödənilmədiyinə görə gedə bilmədik. Heç olmasa əvvəlki pul ödənilsə, düzəlişdirə bilərdim. Amma ardıcıl səfərlər olduğuna görə uşaqları aparmağa pul tapa bilmədim. Son iki oyuna gəlməməyimiz maliyyə ilə bağlı olub. AFFA-ya əvvəlcədən də məlumat vermişdim ki, səfərə getməyə yolpulu tapa bilmirəm. Oyunumuz Zaqatalaya salınmır, bütün oyunlarım Qəbələdə olub. Qəbələ komandası isə bir dəfə Zaqatalaya gəlib. Hər dəfə də 150 manat tapmaq olmur ki, uşaqları səfərə aparaq”.

Zaqatalada yarışların keçirilməsinə cavabdeh olan AFFA nümayəndəsi Rəşadət Cəfərov isə bütün məsuliyyəti məşqçinin üzərinə atdı: 

"Mən nümayəndəyəm, öz cibimdən xərcləyə bilmərəm. AFFA pul ayırır, biz də komandalara yönləndiririk. Demək olar, onlara borcumuz qalmayıb. Posedur belədir ki, bu həftə komanda oyuna gedir, ödənişlər isə növbəti həftə verilir. Bunlar isə sistemi düzgün qurmayıblar. Özüm yoxladım, gördüm ki, həmin məşqçinin bir komandası Zaqatalada, digəri Qəbələdə oynamalıdır. Komandanı Qəbələyə aparacaq məşqçi olmadığı üçün oyun keçirmələri mümkün deyil. Mənə dedilər ki, ora getməli olan məşqçiləri xəstələnib. Cavab verdim ki, belə olmaz, artıq iki dəfə oyuna getməmisiniz. İşi quranda elə etmək lazımdır ki, məşqçilər oyunlara gedə bilsin. Öz səhlənkarlıqlarıdır. Məsələ ondadır ki, yarışa üç komanda çıxarırlar, amma bir məşqçinin adını yazırlar. O da nəticədə belə problemlər yaradır. Şəxsi komandadır, məşqçiləri də özləri təyin edirlər. İki komandan varsa, əlavə məşqçi də olmalıdır. Bəzi məşqçilər işlərinə ciddi yanaşmırlar. Çox yerdə işləyirlər deyə çatdırmırlar. Mən vəziyyətin nə yerdə olduğunu bilirəm. Məşqçilər bir işlə məşğul olsalar yaxşıdır. İşi düz qurmurlar, axırda da AFFA-nı günahlandırlırlar ki, pul verilmir. Sən məşqçi tap, komandanı oyuna yolla, pul ödənilməsə, sonra AFFA-nı günahlandır. U-14-də, U-13-də, U-10-da da məşqçi işləyirsən. Bunun öhdəsindən necə gələ bilərsən? Bilirsiniz necədir, bəzi məşqçilər düşünürlər ki, qıraqdan 3-5 manat əlavə pul gəlsin, dolanım, vəssalam. Özlərinin səhvidir. Oyunun vaxtı təyin olunur, getmirlər, AFFA da yarışdan kənarlaşdırır. Bunlara həmişə deyirəm ki, diqqətli olun, özünüzə köməkçi götürün. Ya da gedin işlədiyiniz kluba, başqa komanda çıxarmayın. Çünki bu işlərin içindəyəm, nə var, nə yox bilirəm. Pulun gecikdirilməsi bəhanədir. Çünki prosedur qaydaları var. Heç vaxt pul gecikdirilmir. Sadəcə, komanda oyuna çıxdıqdan sonra pullar ödənilir. Çünki oyuna gəlməyən komandalar ola, müəyyən problemlər yarana bilər. Yəni, özləri də bilirlər ki, problem təkcə pul olsaydı, həll edərdik. Məsələ başqadır, onlardan çox təcrübəm var, məni belə məsələlərdə aldada bilməzlər. Kim ağzını açırsa, nə demək istədiyini bilirəm. Öz səhvlərini başqalarının üstünə atmasınlar. Niyə üç komanda yaradırsan? Niyə Zaqataladakı oyunlarda onları oynadırsan, kənara getmirsən? Onu da deyim ki, həmin komandalar kommersiya məqsədi ilə yaradılıb və məşqlər ödənişlidir. Məşqçilərin də işləri çox olur, ora-bura qaçırlar. Həmin müəllimin böyüklərdən ibarət komandası var. İkinci Liqada işləyir. Şəkidə də komanda saxlayır. Məşqçisən, komanda saxlayırsan. İki köməkçi tap, ayrılan pullardan 3-5 manat onlara da ver, sənə kömək etsinlər. Hətta oyunlar Zaqatalada keçiriləndə də onlara yerli komanda olaraq 20 manat məbləğində pul ödənilir. Üç komanda olanda bu da hər həftə 60 manat edir, az pul deyil. Kənara gedəndə isə, kilometrə uyğun olaraq ödənişlər edilir. Məsələn, Qəbələyə gediş-gəliş təxminən 150-170 manat arasıdır. Stabil qiymət yoxdur. Məşqçilər işlərinə məsuliyyətli yanaşmırlar. Nəticədə AFFA məni də sorğu-suala tutur ki, niyə belə oldu. Özlərinin səhvidir. AFFA başqa nə etməlidir? Yarışda 15 klub iştirak edir, hamıya eyni münasibət göstərilir. Bəs digər komandalar niyə səfərlərə gedirlər? Onun dedikləri, yolpulu söhbəti bəhanədir. Avtobuslar komandalarla işləyir, heç kim gəlib boğazımızdan yapışmır ki, "pul verin”.

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->