Məşhur stilist Qreqori Patterson saç düzümündə ən çox rast gəlinən və insanı dərhal daha yaşlı göstərən əsas səhvi açıqlayıb.
Qaynarinfo xəbər verir ki, "Parade” jurnalının yazdığına görə, zaman keçdikcə saçın strukturu dəyişir və bu, hər zaman müsbət olmur. Saç daha nazik, quru və kövrək olur, sıxlığı isə azalır. Bu, xüsusilə ayrım xətti və başın yuxarı hissəsində daha çox nəzərə çarpır. Eyni zamanda üz cizgiləri də dəyişir: yanaq sümükləri ifadəliliyini itirir, çənə xətti yumşalır, dəri isə elastikliyini itirir. Yanlış saç kəsimi və ya düzümü bu dəyişiklikləri gizlətmək əvəzinə daha da vurğulaya bilər.
Stilistin sözlərinə görə, məhz buna görə yalnız saç kəsiminin forması deyil, onun necə düzəldildiyi də böyük əhəmiyyət daşıyır. Həddindən artıq sərt həcm, güclü tupirovka və ya saçın təbii istiqamətinə zidd düzüm saçın quruluğunu artırır, seyrəkləşən hissələri qabardır və üz cizgilərini daha sərt göstərir. Hətta xırda detallar belə ümumi görünüşə ciddi təsir edir. Buna görə yumşaqlıq, hərəkət və düzgün zonalarda yüngül həcm yaradan texnikalar seçilməlidir.
Pattersonun sözlərinə görə, müştərilərin ən çox etdiyi səhvlərdən biri saç kəsimini yeniləmək istəmələri, lakin onu əvvəlki kimi düzəltməyə davam etmələridir.
O bildirib ki, illərlə eyni formaya sadiq qalmaq, eyni alətlərdən istifadə etmək və düzüm yanaşmasını dəyişməmək görünüşü köhnəlmiş edir. Hətta saçın eyni qaydada qurudulması və ya eyni daraqdan istifadə belə saç düzümünü "donmuş” vəziyyətdə saxlayır və yeni kəsimin effektini göstərməyə imkan vermir.
Stilist vurğulayıb ki, yeni saç kəsimini əvvəlki kimi düzəldərək təzə görünüş əldə etmək mümkün deyil.
Bundan əlavə, onun sözlərinə görə, saçda yaşlı göstərən digər bir vərdiş klassik folqa ilə melirovkadır – yəni tellərin bütün baş boyunca ardıcıl açılması və köklərdə tünd keçidin olmaması. Bu problemi aradan qaldırmaq isə asandır: kökləri bir qədər tündləşdirərək rənglər arasında yumşaq keçid yaratmaq kifayətdir. Bu, saça dərinlik verir və görünüşü daha müasir edir.
Qeyd edək ki, daha əvvəl orta uzunluqlu saçlar üçün ideal olan çolka ilə qadın saç kəsimləri də açıqlanmışdı.
Aydın
Şərhlər