Xəbər lenti

Yatan
Dünya 12:52 27.11.2025

Yatan "əjdaha" oyandı: 11.700 ildir püskürməyən vulkan niyə indi püskürdü?

Efiopiyada yerləşən bir vulkan çox uzun davam edən sükutun ardından ilk dəfə püskürərək Qırmızı dənizin şimal-şərqinə doğru nəhəng kül və tüstü buludu göndərib. 

Qaynarinfo xəbər verir ki, Efiopiyanın şimalındakı Afar bölgəsində yerləşən Hayli Qubbi vulkanı 23 noyabr bazar günü, Bakı vaxtı ilə təxminən 10:30 radələrində püskürməyə başlayıb. Püskürmənin şiddətli mərhələsi Fransadakı Toulouse Vulkanik Kül Müşavərə Mərkəzinin məlumatına görə, həmin gün saat 22:00-dək davam edib.

Bu püskürmə Hayli Qubbinin Holosen dövründə - təxminən 11.700 il əvvəl son buzlaq dövrünün bitməsi ilə başlayan indiki geoloji dövrdə - məlum olan ilk püskürməsi kimi qeydə alınıb. Ümumi qəbul edilən bir qaydaya əsasən, bir vulkan Holosendə heç vaxt püskürməyibsə, sönmüş hesab edilir. Lakin vulkanın yerləşdiyi bölgə kifayət qədər araşdırılmadığından keçmiş püskürmələr diqqətdən qaça bilər.

Hayli Qubbi adını daşıdığı Erta Ale sıradağlarının ən cənub hissəsindəki vulkandır. Bu sıradağlar Afrikanın böyük hissəsini təşkil edən iri tektonik lövhənin iki yerə ayrıldığı Şərqi Afrika Rift Sisteminin bir hissəsidir. Hayli Qubbi minlərlə ildir "yatmış” vəziyyətdə qalsa da, sıradağlara ad verən Erta Ale vulkanı 1967-ci ildən bəri fasiləsiz şəkildə aktivdir.

Şimali Karolina Dövlət Universitetindən vulkanoloq Arianna Soldati "Maqma əmələgəlməsi üçün şərait mövcud olduğu müddətcə, bir vulkan 1.000 və ya 10.000 il ərzində püskürməsə belə, yenidən püskürə bilər” deyərək belə uzun yuxuların sona çata biləcəyini vurğulayır.

Püskürmədən çıxan kül buludu təxminən 13.700 metr yüksəklikdə müşahidə olunub və əvvəlcə Yəmən və Oman üzərindən şimal-şərq istiqamətində irəliləyib. 24 noyabr bazar ertəsi boyunca kül buludu hərəkətini davam etdirərək Şimali Hindistanın və Çinin bəzi bölgələrinin üzərindən keçib.

"Toulouse VAAC” vulkanik buludu peyk vasitəsilə müəyyən edib və onun hərəkəti barədə bir neçə məlumat yayıb. Daha sonra məsləhətçi rolu bazar ertəsi axşamı "Tokyo VAAC”a təhvil verilib. Peyklər püskürmənin kosmosdan çəkilmiş görüntülərini də qeydə alıb.

Hazırda hər hansı insan itkisi bildirilmir, lakin yerli rəsmilər püskürmənin bölgədəki fermerlərə və heyvanlara təsirindən narahat olduqlarını bildirirlər. Yerli rəhbər Məhəmməd Seid "İndiyədək insan və heyvan itkisi olmasa da, bir çox kənd kül altında qalıb və bunun nəticəsində heyvanların yem tapması çətinləşib” deyib. 

Yaxınlıqdakı Afdera kəndinin sakini Əhməd Abdela isə püskürmənin sanki qəfil tüstü və kül ilə birlikdə bir bomba atılmış kimi hiss etdirərək baş verdiyini bildirib.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->