Xəbər lenti

Dünya 13:08 21.10.2025

"Yalnız ABŞ deyil, NATO da Ukraynanı yarı yolda qoydu" - Stoltenberqdən etiraflar

NATO-nun sabiq baş katibi Yens Stoltenberq yeni kitabında bildirib ki, alyans 2023–2024-cü illərdə Ukraynaya kifayət qədər dəstək göstərməyərək "onu yarı yolda qoyub”. O, xüsusilə Vaşinqtondakı "məyusedici ab-hava”dan və Avropa ölkələrinin vəd etdikləri silah tədarükünü yerinə yetirməməsindən bəhs edir. 

Qaynarinfo Unian-a istinadla xəbər verir ki, bu barədə "Radio Free Europe” məlumat yayıb.

Stoltenberq 2014-cü ilin oktyabrından 2024-cü ilin oktyabrına qədər NATO-nun baş katibi olub. O, yeni "On My Watch: Leading NATO in a Time of War” ("Mənim növbəmdə: Müharibə dövründə NATO-ya rəhbərlik”) adlı kitabında alyansa rəhbərliyi dövründə baş verən hadisələri əhatə edir. Kitab 23 oktyabrda satışa çıxarılacaq.

Əsərdə 2021-ci ildə NATO-nun Əfqanıstanda "uğursuzluğu”, Rusiyanın 2014-cü ildə Ukraynaya ilkin təcavüzü və 2024-cü ildə Donald Trampın ABŞ prezidenti seçilməsindən sonra alyansın gələcəyi ilə bağlı düşüncələr də yer alır.

Stoltenberq həmçinin 2022-ci ildə Rusiyanın Ukraynaya tammiqyaslı hücumundan əvvəl və həmin dövrdə yüksək vəzifəli rəsmilərlə keçirdiyi görüşlərdən bəhs edir.

O, Ukraynaya hücuma hazırlıq barədə danışarkən Rusiyanın səmimi danışıqlarda maraqlı olmadığını qeyd edir. Xüsusən 2021-ci ilin sentyabrında Nyu Yorkda keçirilən görüş zamanı Rusiyanın xarici işlər naziri Sergey Lavrovun onu tez-tez sözünü kəsməsi, MİA sözçüsü Mariya Zaxarovanın isə Stoltenberq danışarkən "gözlərini döyüb ah çəkməsi” kimi halları misal gətirir.

Onun sözlərinə görə, 2021-ci ilin oktyabrında NATO kəşfiyyat əməkdaşlarından biri xəbər verib ki, Rusiya yaxın aylarda Ukraynaya hücum etməyə hazırlaşır. Stoltenberqin fikrincə, bu qərarın əsas səbəbi "demokratik və Qərbə inteqrasiya olunan Ukraynanın yaratdığı siyasi təhdid qorxusu” olub.

Stoltenberq həmçinin qeyd edir ki, Rusiya prezidenti Vladimir Putin xüsusilə COVID-19 pandemiyası dövründə daha da təcrid olunmuş vəziyyətə düşüb və qərarlarını dar çevrədə qəbul etməyə başlayıb.

Stoltenberq üçün Ukraynada müharibə səhər saat 4:25-də gələn telefon zəngi ilə başlayıb. Qısa müddət sonra ABŞ müdafiə naziri Lloyd Ostin ona zəng edərək Ukrayna prezidenti Volodimir Zelenskinin həyatından narahat olduqlarını bildirib.

Dörd gün sonra Stoltenberq Zelenski ilə əlaqə saxlaya bilib. Zelenski NATO-dan Ukrayna üzərində "uçuşsuz zona” yaratmağı xahiş edib, lakin bu tələbi rədd olunub. Stoltenberq bu söhbəti "ağrılı” adlandırır.

Onun sözlərinə görə, müharibənin ilk günlərində NATO daxilində "Kiyevin bir neçə günə süqut edəcəyi” fikri geniş yayılıbmış.

NATO ölkələri sanksiyalar tətbiq etdi, silah göndərməyə və humanitar yardım göstərməyə başladı. Lakin Stoltenberq etiraf edir ki, bu yardımlar çox vaxt gecikirdi və yetərli deyildi.

Stoltenberq 2024-cü ilin iyulundakı NATO sammitinə hazırlıq dövrünü xatırlayaraq yazır:

"Vaşinqtondakı tərəfdaşlarımızda passiv və məyusedici bir ruh vardı. Risk etmək istəmirdilər, təşəbbüs göstərmirdilər və prezidentlərini kölgədə saxlayırdılar”.

O, əlavə edir ki, o vaxtkı ABŞ prezidenti Co Bayden qərar verməkdən çəkinirdi, çünki "digərinin – Trampın nə deyəcəyindən” ehtiyat edirdi.

"Ancaq Ukraynanı yarı yolda qoyan yalnız ABŞ deyildi. Avropa İttifaqı 2023-cü ilin martından 2024-cü ilin martına qədər Ukraynaya 1 milyon artilleriya mərmisi göndərməyi vəd etmişdi, amma bunun yarısından da azını göndərdi”, – deyə Stoltenberq yazır.

Hazırda Ukraynaya Qərb dəstəyi, xüsusilə də hərbi yardım, əvvəlki illərlə müqayisədə xeyli azalıb. ABŞ – Ukraynanın əsas donor ölkəsi – Donald Trampın andiçmə mərasimindən bəri heç bir yardım ayırmayıb.

İlin birinci yarısında Avropa ABŞ-ın boşluğunu qismən doldura bilmişdi. Lakin qitə hələ də bəzi mühüm silah növlərini – xüsusilə çoxlüləli raket sistemlərini, artilleriya sursatlarını və hava hücumundan müdafiə sistemlərini – texnologiya və istehsal imkanlarının məhdudluğu səbəbindən təmin edə bilmir.

Alpər

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->