Xəbər lenti

WUF13 fonunda dəyişən region: Azərbaycan yeni geosiyasi mərhələyə necə hazırlaşır?
Siyasət 11:29 19.05.2026

WUF13 fonunda dəyişən region: Azərbaycan yeni geosiyasi mərhələyə necə hazırlaşır?

Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) təkcə urbanistika və şəhər inkişafı ilə bağlı beynəlxalq platforma kimi deyil, həm də Azərbaycanın siyasi və diplomatik çəkisini nümayiş etdirən mühüm tədbir kimi diqqət çəkdi. Dünyanın müxtəlif ölkələrindən nümayəndələrin Bakıya toplaşması Azərbaycanın regionda sabitlik, təhlükəsizlik və beynəlxalq əməkdaşlıq mərkəzi kimi artan rolunun göstəricisi hesab olunur.
 

Forum həm də onu göstərdi ki, mürəkkəb geosiyasi proseslərin getdiyi bir vaxtda Azərbaycan beynəlxalq dialoq üçün etibarlı platformaya çevrilməyi bacarıb. Bu isə rəsmi Bakının son illərdə həyata keçirdiyi balanslı xarici siyasətin nəticəsi kimi qiymətləndirilir.

Məhz belə bir dövrdə Cənubi Qafqaz və Yaxın Şərqdə geosiyasi proseslər sürətlə dəyişir. Regionda artan risklər fonunda Azərbaycan hakimiyyəti yenə də praqmatik və balanslı siyasi xəttini davam etdirir. Siyasi müşahidəçilər hesab edirlər ki, qarşıdakı mərhələ bölgə üçün daha həssas olsa da, Azərbaycanın mövqeləri əvvəlki illərlə müqayisədə daha güclüdür.
 


Ekspertlərin fikrincə, hazırda region üçün əsas risklərdən biri İran ətrafında yaranan gərginlikdir. ABŞ-İran münasibətlərində qeyri-müəyyənliyin davam etməsi, Yaxın Şərqdə təhlükəsizlik məsələlərinin daha da aktuallaşması və enerji marşrutları uğrunda rəqabətin dərinləşməsi Azərbaycanın siyasi gündəminə də təsir göstərir.

Bu şəraitdə rəsmi Bakı milli maraqlara söykənən siyasət yürüdür. Azərbaycan bir tərəfdən Qərblə strateji əməkdaşlığı inkişaf etdirir, digər tərəfdən Türkiyə ilə müttəfiqliyini daha da gücləndirir. Eyni zamanda, qonşu ölkələrlə münasibətlərin qorunması və regionda yeni qarşıdurma risklərinin yaranmaması üçün ehtiyatlı və düşünülmüş siyasi xətt  izlənilir.

Siyasi müşahidəçilərin fikrincə, Azərbaycanın əsas strateji məqsədi regionda etibarlı tranzit və enerji mərkəzi statusunu daha da möhkəmləndirməkdir. Xüsusilə Avropanın enerji təhlükəsizliyi məsələsində Bakının rolu son illərdə əhəmiyyətli dərəcədə artıb və bu amil Azərbaycanın beynəlxalq mövqelərini gücləndirib.

Digər mühüm məsələ isə Ermənistanla normallaşma prosesidir. Rəsmi Bakı sülh gündəliyinə sadiq qaldığını dəfələrlə bəyan edib və regionda  uzunmüddətli sabitliyin yaranmasının tərəfdarı olduğunu göstərib. Bununla belə, prosesin ləngiməsi bir sıra xarici və daxili amillərlə əlaqələndirilir.
 


Ekspertlər hesab edirlər ki, Ermənistan daxilində revanşist meyllərin qalması, xarici güclərin regiondakı rəqabəti və kommunikasiya xətləri ilə bağlı fikir ayrılıqları sülh prosesinin sürətlənməsinə mane olur.

Bakının hazırkı strategiyası isə ardıcıl və hesablanmış siyasət üzərində qurulub. Azərbaycan hesab edir ki, regionda yaranmış yeni reallıqlar artıq dəyişməzdir və əsas regional layihələrin təşəbbüskarı məhz Bakı olaraq qalır.

Siyasi müşahidəçilərin fikrincə, yaxın perspektivdə regionda sabitliyin qorunması və mərhələli normallaşma prosesi Azərbaycanın əsas prioriteti olacaq. Bu siyasət həm regional təhlükəsizliyin möhkəmlənməsinə, həm də Cənubi Qafqazda yeni əməkdaşlıq mühitinin formalaşmasına xidmət edir.

Siyasət şöbəsi

--> -->