Xəbər lenti

DÇ-2026 üçün geri sayım başladı:
İdman 12:29 19.05.2026

DÇ-2026 üçün geri sayım başladı: "Fırtına" davam edir, qorxu artır

2026-cı il futbol üzrə dünya çempionatı (DÇ-2026) hələ başlamadan qlobal idman gündəminin mərkəzinə çevrilib. 

Qaynarinfo xəbər verir ki, 11 iyunda Meksika ilə Cənubi Afrika arasında keçiriləcək açılış matçı öncəsi futbolsevərlər geri sayımı davam etdirir, lakin diqqət daha çox turnirin ətrafında yaranan mübahisələrə yönəlib.

ABŞ, Meksika və Kanadanın ortaq ev sahibliyi edəcəyi turnir beş əsas başlıq ətrafında ciddi müzakirələr doğurub. Artıq DÇ-2026 sadəcə futbol turniri deyil, həm də siyasi və iqtisadi gərginliklərin mərkəzinə çevrilmiş kimi görünür.

1. Rekord səviyyəli bilet qiymətləri narazılıq yaradır

DÇ-2026-da ən böyük mübahisələrdən biri bilet qiymətləridir. Xüsusilə ABŞ-də keçiriləcək oyunların biletləri bir çox azarkeş üçün əlçatmaz hala gəlib.

12 iyunda ABŞ-Paraqvay matçının ən ucuz biletləri 1000 dolları keçib. Final üçün satışa çıxarılan bəzi VIP biletlərin qiyməti isə 32 min dollardan yuxarıdır.

Təkrar satış platformalarında qiymətlər daha da yüksəlib. FIFA-nın rəsmi satış sistemində bəzi biletlərin yüz minlərlə dollara təklif olunduğu bildirilir.

ABŞ prezidenti Donald Tramp qiymətləri tənqid edərək "açığı, mən də bu qiymətə bilet almazdım” deyib.

FIFA isə siyasətini müdafiə edərək hər oyun üçün ucuz biletlərin də satışda olduğunu və gəlirin futbolun inkişafına yönəldiyini bildirir. FIFA prezidenti Cianni İnfantino təşkilatın "bazar şərtlərinə uyğun hərəkət etdiyini” qeyd edib.

Bununla belə, uçuşlar, otellər və şəhərdaxili xərclərin də artması turniri bir çox azarkeş üçün əlçatmaz edir.

İdman şərhçisi Demih Sezerli bildirir ki, turnirin mahiyyəti dəyişir: "Dünya kuboku illərlə xalqın turniri olub. Amma indi getdikcə əlçatmaz bir tədbirə çevrilir".

Onun sözlərinə görə, yüksək qiymətlər tribunadakı atmosferi və futbolun ruhunu da dəyişə bilər.

2. İran böhranı turnirin gündəmində

İranın turnirdə iştirakı ətrafında uzun müddət təhlükəsizlik və siyasi müzakirələr aparılıb. ABŞ–İran gərginliyi fonunda İran millisinin ABŞ-da  oynayıb-oynamayacağı sual altında idi.

Donald Tramp İranın ABŞ-də oynamasının təhlükəli ola biləcəyini deyib. İran Futbol Federasiyası isə FIFA ilə danışıqlar aparıb. Hətta bəzi matçların Meksikaya köçürülməsi variantı da gündəmə gəlib. İranın yerinə İtaliyanın dəvət olunması kimi ssenarilər müzakirə edilib.

Lakin son məlumatlara görə İran turnirdə iştirak edəcək. Komanda Yeni Zelandiya, Misir və Belçika ilə eyni qrupdadır.

Semih Sezerli bu barədə deyir: "FIFA uzun illər futbolun siyasətdən uzaq olduğunu desə də, praktikada bu artıq mümkün deyil".

3. ABŞ və Meksikada təhlükəsizlik narahatlıqları

ABŞ-da miqrasiya siyasəti və ICE reydləri azarkeşlər arasında narahatlıq yaradıb. Sosial media yoxlamaları planı da tənqid olunur.

Meksikada isə kartellərlə bağlı əməliyyatlar və bəzi bölgələrdə zorakılıq halları təhlükəsizlik risklərini artırır. Xüsusilə Qvadalaxara və Mexiko Siti ətrafında etirazlar və gərginlik diqqət çəkir.

FIFA isə bütün ev sahibi ölkələrin təhlükəsizlik tədbirlərini gücləndirdiyini bildirir.

4. İlk dəfə iştirak edəcək ölkələr

Turnirin 48 komandaya genişlənməsi ilə tarixdə ilk dəfə bəzi ölkələr DÇ-2026-yavəsiqə qazanıb:

* İordaniya
* Kape Verde)
* Kurasao
* Özbəkistan

İordaniya Argentina ilə qarşılaşacaq. Özbəkistan isə Portuqaliya ilə eyni qrupdadır.

Kurasao cəmi 156 min əhalisi ilə turnirin ən kiçik ölkələrindən biridir.

Semih Sezərliyə görə, İordaniya və Kurasao tezliklə turnirdən ayrıla bilər, amma Özbəkistan sürpriz edə bilər.

5. Turnirin ulduzları

Favoritlər arasında İspaniya və Fransa ön plandadır. Gözlər isə yeni nəsil futbolçulardadır:

1. Lamin Yamal – gənc yaşda liderlik qabiliyyəti
2. Florian Virts – oyunun tempini dəyişən yaradıcılıq
3. Camal Musiala – dar məkan ustası
4. Endrik – Braziliyanın yeni ulduzu
5. Arda Güler – doğru rol taparsa böyük partlayış edə bilər
6. Kenan Yıldız – artıq "star” səviyyəsinə yaxınlaşır

Semih Sezerli Türkiyə millisindən də danışıb: "Uyğun rəqib və motivasiya ilə Türkiyə sürpriz edə bilər. 1/4 final mümkün görünür".

O əlavə edib ki, ABŞ, Avstraliya və Paraqvay qrupunda Türkiyənin texniki üstünlüyü var.

Format necə olacaq?

2026 Dünya kubokunda ilk dəfə 48 komanda iştirak edəcək. Turnir:

* 104 matç
* 16 stadion
* 3 ölkə (ABŞ, Meksika, Kanada)
* 39 gün şəklində keçiriləcək.

Aydın
--> -->