Xəbər lenti

Bir həftəyə Bakı-Tiflis qatarı açılacaq (RƏSMİ)
Ekonomiks 10:07 19.05.2026

Bir həftəyə Bakı-Tiflis qatarı açılacaq (RƏSMİ)

Azərbaycan və Gürcüstan Bakı-Tiflis-Bakı marşrutu üzrə sərnişin qatarlarının bərpası barədə razılığa gəlib.

Qaynarinfo xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi məlumat yayıb.

Razılaşmaya əsasən, mayın 26-dan Bakı-Tiflis-Bakı istiqamətində gündəlik sərnişin qatarları yenidən fəaliyyətə başlayacaq.

Müvafiq sənədlər mayın 18-də Bakıda Azərbaycan Prezidenti İlham Əliyev və Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin iştirakı ilə imzalanıb.

Sənədlər enerji, nəqliyyat və iqtisadi əməkdaşlıq sahələrini əhatə edir. Onların arasında Gürcüstana təbii qaz və elektrik enerjisinin tədarükü, Azərbaycan qazının beynəlxalq bazarlara daşınması, həmçinin Gürcüstan üzərindən Türkiyəyə elektrik enerjisinin tranziti ilə bağlı razılaşmalar var.

Bundan başqa, Bakı-Tiflis-Qars dəmir yolu layihəsi üzrə modernləşdirmə işlərinin başa çatdığı da təsdiqlənib. Dəmir yolu infrastrukturunun idarə olunması "BTKI Dəmir Yolları” MMC Birgə Müəssisəsinə həvalə olunub.

Tərəflər bildiriblər ki, imzalanan sənədlər Azərbaycan və Gürcüstan arasında əməkdaşlığın genişlənməsinə, eləcə də regionda nəqliyyat bağlantılarının güclənməsinə xidmət edəcək.

--> -->