NATO-nun keçmiş baş katibi Yens Stoltenberq 2022-ci ilin fevralında Ukrayna prezidenti Volodimir Zelenski ilə apardığı "ən ağrılı söhbəti” xatırladaraq, Alyansın niyə Ukrayna üzərində uçuşa qadağan zona tətbiq etmədiyini izah edib.
Qaynarinfo xəbər verir ki, "The New York Times” nəşri bu barədə onun xatirələrinə istinadən yazıb.
Stoltenberq bildirib ki, Zelenski o zaman Kiyevdəki sığınacaqdan ona zəng edərək Rusiya tanklarının yaxınlığında olduğunu deyib və belə müraciət edib: "Baş katib, mən anlayıram ki, siz NATO qoşunlarını göndərməyəcəksiniz, amma heç olmasa hava məkanını bağlayın. Rusiyanın təyyarələri, PUA-ları və helikopterləri bizə hücum edə bilməsin".
Stoltenberq isə cavabında deyib: "Bu, mümkün deyil. Əgər NATO Ukrayna üzərində uçuşa qadağan zona yaratmaq istəsə, əvvəlcə Belarus və Rusiyadakı hava hücumundan müdafiə sistemlərini məhv etməliyik. Bu da Rusiya təyyarələrinin vurulması ilə nəticələnər və biz NATO ilə Rusiya arasında birbaşa müharibəyə sürüklənərik. Biz bunu istəmirik".
Onun sözlərinə görə, həmin vaxt ABŞ prezidenti Co Bayden də eyni mövqeni bölüşərək demişdi: "Biz Ukrayna naminə III Dünya müharibəsinə risk edə bilmərik".
Stoltenberq qeyd edib ki, bu qərar NATO-nun "ikili strategiyası"nın bir hissəsi idi: Ukraynaya dəstək göstərmək, lakin müharibənin Alyansla Rusiya arasında genişmiqyaslı toqquşmaya çevrilməsinə yol verməmək.
O, 2022-ci ilin 24 fevralında tammiqyaslı işğalın başladığı səhər NATO ölkələrinin Brüsseldə toplanaraq iki qərar qəbul etdiklərini bildirib: "Birincisi, Ukraynaya dəstəyi artırmaq. İkincisi, müharibənin Ukrayna sərhədlərini aşmaması üçün mümkün olan hər şeyi etmək".
Stoltenberq əlavə edib ki, bu çərçivədə NATO Kiyevə silah və sursat göndərməyə qərar verib, lakin alyans qoşunlarının birbaşa döyüşə qatılması istisna edilib: "Biz Ukraynaya dəstək verməyə davam etdik, ona müqavimət göstərmək imkanı yaratdıq, amma NATO əsgərlərini göndərməyə hazır deyildik və indi də bu yanaşmanın doğru olduğuna inanıram".
Bununla belə, keçmiş baş katib etiraf edib ki, NATO-nun yardımı həm gecib, həm də kifayət qədər güclü olmayb. O xatırladıb ki, 2014-cü ildə Krımın ilhaqından və Donbasda müharibənin başlanmasından sonra NATO Ukraynaya demək olar heç bir real hərbi dəstək verməyib: "Biz qorxurduq ki, bu, Rusiyaya təxribat kimi görünə və işğala səbəb ola bilər. Amma Rusiya onsuz da hücum etdi".
Stoltenberqin fikrincə, əgər NATO həmin illərdə Ukraynaya daha ciddi dəstək göstərsəydi, 2022-ci ildə baş verən müharibənin qarşısını almaq mümkün ola bilərdi. O, həmçinin xatirələrində bildirib ki, ABŞ-da Donald Tramp hakimiyyətə gələndə NATO-nun birliyinə real təhlükə yaranmışdı: "2018-ci ildə keçirilən sammitdə Trampın alyansdan çıxmaq niyyətini dilə gətirdiyi an, mən NATO-nun sonunu müşahidə edən baş katib olacağım düşüncəsindən narahat idim".
Aydın
Şərhlər