ABŞ prezidenti Donald Tramp cümə axşamı Britaniyanın baş naziri Kir Starmerlə görüşü zamanı Ukraynaya qarşı daha müsbət mövqe sərgiləyib.
Qaynarinfo xəbər verir ki, The Wall Street Journal-ın yazdığına görə, müsbət mövqesinə baxmayaraq, o, Avropa müttəfiqlərinin istədiyi kimi Kiyevə təhlükəsizlik zəmanətləri verməkdən
çəkinib.
Starmer ABŞ-ı Ukraynada sülhməramlı missiyaya cəlb etməyə çalışsa da, Tramp dəfələrlə bildirib ki, belə variantları yalnız Moskva ilə Kiyev arasında atəşkəs sazişi imzalandıqdan sonra nəzərdən keçirəcək.
"Ola bilsin ki, əgər razılığa gəlsək, o yerinə yetiriləcək", – Tramp Oval kabinetdə çıxışı zamanı deyib və əlavə edib ki, onun yanaşması "etibar et və yoxla" prinsipi əsasında qurulacaq.
Bununla yanaşı, Tramp Ukrayna ilə bağlı əvvəllər səsləndirdiyi ən sərt tənqidi fikirlərindən bəzilərini yumşaldıb. O, Ukrayna prezidenti Volodimir Zelenskini "diktator" adlandırdığına "inanmadığını" deyib və Kiyevə Rusiya tərəfindən işğal olunmuş əraziləri mümkün qədər çox qaytarmağa kömək edəcəyini vəd edib.
WSJ qeyd edir ki, bu mövqe Trampın cümə günü Zelenski ilə görüşü ərəfəsində gərginliyi azalda bilər. "Biz əla yola gedəcəyik. Mən ona çox hörmət edirəm", – Tramp Zelenski barədə bildirib.
Eyni zamanda, Starmer Vaşinqtonla Avropa paytaxtları arasında Ukrayna müharibəsinin dayandırılması ilə bağlı fikir ayrılıqlarının yaratdığı gərginliyi azaltmağa nail olub.
"Siz bizim aramızda olmayan bir uçurumu tapmağa çalışırsınız. Biz ən yaxın müttəfiqlərik və bu gün çox yaxşı müzakirələr apardıq", – deyə Starmer Trampın müharibə və ümumi xarici siyasət məsələlərindəki mövqeyinə dair sualları cavablandırarkən bildirib.
Qəzetin yazdığına görə, ABŞ-ın Ukraynanı müdafiə etməyə marağını qorumaq üçün Volodimir Zelenski Amerikanın şirkətlərinə Ukraynanın nadir yeraltı sərvətlərinə çıxış verən bir sazişi imzalamağa razılaşıb.
Lakin ABŞ-ın yüksək vəzifəli rəsmilərindən biri cümə axşamı bildirib ki, bu razılaşma gələcək hərbi əməliyyatların maliyyələşdirilməsi üçün konkret vədləri əhatə etmir və ABŞ-ın bölgədə hərbi personal yerləşdirməsini nəzərdə tutmur.
Britaniya rəsmilərinin sözlərinə görə, Starmer Trampı inandırmağın mühüm əhəmiyyət kəsb etdiyini düşünür. Britaniya hökumətindən bir mənbə isə etiraf edib ki, Avropa və Ukraynanın müdafiəsi qismən ABŞ-dan və Vaşinqtonun yaratdığı müdafiə mexanizmlərini dəstəkləmək istəklərindən asılı olacaq.
Xatırladaq ki, dünənki mətbuat konfransında ABŞ prezidenti Ukraynadakı müharibənin "ya çox tez bitəcəyini, ya da heç vaxt bitməyəcəyini" bəyan edib.
Alpər
Şərhlər