"Orta məktəblərdə 8 mart - Beynəlxalq Qadınlar Günü münasibəti ilə pul yığanlar ilk olaraq valideynlərdir. Çünki həmin valideynlərin məqsədi uşaqlarının sinifdə digər şagirdlərdən daha öndə olmasına şərait yaratmaqdır".
Bunu Qaynarinfo-ya açıqlamasında təhsil eksperti Elmin Nuri deyib.
Ekspert hesab edir ki, bu prosesi dayandıra biləcək güc isə müəllim və məktəb rəhbərləridir:
"Elə bir mexanizm yoxdur ki, məktəblərdə hansı müəllimin pul, hədiyyə istədiyini, "WhatsApp" qruplarında nələrin baş verdiyini müəyyənləşdirə bilsin. Bütün məktəblərə nəzarət mümkün deyil. Ona görə də hansı müəllim yaxşıdır, hansı müəllim pisdir, hansı müəllim hədiyyəni şəxsi maraqlarına görə istəyir və s. kimi siyahıların tutulması çətindir. Buna görə təhsili idarə edən qurumlar tərəfindən ümumi şəkildə təlimatın göndərilməsinə ehtiyac var idi. Amma bu o demək deyil ki, qurumlar hansısa müəllimə ürəkdən gələn bir hədiyyənin verilməsinə qarşıdılar. Belə təlimatların verilməsi bəzi məcburiyyətlərdən yaranır. Bu amillərdən biri, bəlkə də ən başlıcası valideynlər və "WhatsApp" qruplarıdır".
Ekspert orta məktəblərdə neqativ halların əsasən ibtidai siniflərdə baş verdiyini vurğulayıb:
"Bu cür neqativ hallar əsasən 1-5-ci siniflərə aiddir. Məktəblərdə xoşagəlməz halları yaradanlar valideynlərdir. Bu hallar əsas ibtidai siniflərdə baş verir. İbtidai sinif seqmentində bu kimi halların artması çox təəssüfedicidir. "WhatsApp" quruplarında bir neçə valideyn öz hegemonluğunu, özlərinin müəllimə yaxınlığını diqtə etmək, övladlarının sinifdə daha qabarıq formada tədris alması üçün bütün valideynlərin adından neqativ hallara yol verir. Məsələn, iki nəfər öz aralarında danışır və "WhatsApp" qrupuna yazır ki, müəllimin ad günüdür, 8 martdır və s., filan tarixə kimi 50 manatdan yığılmalıdır. Niyə? Siz ikiniz kimsiniz? Maddi imkanının necə olmasından asılı olmayaraq, kim buna etiraz edirsə, onun həm özünə, həm də özündən çox təhsil alan övladına qarşı sinifdə münasibət dəyişir. Bu zamanla müəllimin də həmin şagirdə münasibətini dəyişir".
Elmin Nuri qeyd edib ki, belə vəziyyətlərdə müəllimdən çox şey asılıdır:
"Valideynlər öz aralarında iki "WhatsApp" qrupu işlədir. Birində müəllim olur, digərində olmur. Bəzən də müəllim ad gününə ondan xəbərsiz nəsə etmək istəyirlər. Hər bir halda müəllim bunu bilirsə, ona yol verməməlidir. Valideyn çox şey istəyər. Əgər müəllimin sözünün qüvvəti olarsa, valideynlərə elə bir təpki göstərə bilər ki, onlar bir daha pul yığmağı ağızlarına gətirməz. Deməli burada boşluğu buraxan həm də müəllimlərdir".
Elmin Nuri hesab edir ki, "WhatsApp" qrupunda valideynlərdən biri pul yığırsa, orada müəllimin də razılığı var:
"Mənim tanıdığım müəllimlər, belə hallardan xəbər tutanda valideynlərə elə bir təpki göstərib ki, bir də onun adına nəsə yığmayıblar. Ən böyük problemin biri də müəllimin boşluğudur".
Bahar Rüstəmli
Şərhlər