İnternetdə Küveytə məxsus "F/A-18 Hornet" qırıcısının ABŞ-ın "F-15E Strike Eagle" təyyarəsini vurduğu anı əks etdirən yeni görüntülər yayılıb. İlkin məlumatlara görə, həmin təyyarə Küveyt üzərində uçuş zamanı demək olar ki, eyni vaxtda ABŞ-a məxsus üç qırıcını məhv edib.
Qaynarinfo "Defence Express"ə istinadən xəbər verir ki, hadisə baş verən vaxt bütün təyyarələr hava məkanının hava hücumundan müdafiəsi üzrə tapşırıq yerinə yetirirmiş. Lakin Küveyt qırıcısının pilotu, ehtimal ki, ABŞ təyyarələrini düşmən kimi qəbul edərək onlara "hava-hava” tipli raketlər buraxıb. Mənbələrin məlumatına görə, zərbələrdən biri "AIM-9 Sidewinder" raketi ilə endirilib.
İlkin məlumata əsasən, Küveyt təyyarəsi və ABŞ qırıcıları "dost-düşmən” identifikasiya sisteminə qoşulu olmaya bilərdi. Bunun səbəbi hələlik məlum deyil — ya texniki nasazlıq, ya da sistemin söndürülməsi ehtimal edilir.
Yayılan videoda həmçinin görünür ki, "F/A-18 Hornet" raket buraxılışı zamanı hədəfə nisbətən yaxın məsafədə olub. Bu isə pilotun yalnız radar nişanını deyil, həm də təyyarənin tipini vizual olaraq ayırd edə biləcəyini göstərir. Ekspertlər qeyd edir ki, İranın arsenalında silueti "F-15E Strike Eagle" ilə asanlıqla səhv salına biləcək döyüş təyyarələri yoxdur.
Analitiklər hesab edir ki, insidentin səbəbi pilot səhvi və ya döyüş tapşırığının icrası zamanı yaranan stress ola bilər. Bununla yanaşı, sosial şəbəkələrdə qəsdən törədilmiş hərəkətlər barədə ehtimal da müzakirə olunur, lakin hazırda bunu təsdiqləyən fakt yoxdur.
Hadisə ilə bağlı rəsmi araşdırmanın aparılacağı gözlənilir. İlkin qiymətləndirmələrə görə, üç "F-15E Strike Eagle" qırıcısının itirilməsi ABŞ-a təxminən 300 milyon dollara başa gələ bilər ki, bu da müasir hərbi tarixdə ən bahalı "dost atəşi” hadisələrindən biri hesab olunur.
Aydın
Şərhlər