Süni intellekt texnologiyasının inkişafına baxmayaraq, "Nvidia"nın təsisçisi Censen Huanq oyunların tamamilə neyron şəbəkələr tərəfindən render edilməsinin mümkün olmadığını hesab edir.
Qaynarinfo-nun məlumatına görə, "CES 2025" sərgisində çıxışı zamanı Huanq bildirib ki, "Nvidia"nın yeni DLSS 4 texnologiyasının və süni intellekt oyun botlarının təqdimatına baxmayaraq, maşın öyrənməsi vasitəsilə oyunların tam şəkildə render edilməsi hələ də real görünmür.
Huanq süni intellektin kontekstin yaradılmasında məhdudiyyətlərini vurğulayıb. O qeyd edib ki, ChatGPT texnologiyası ilk təqdim edilərkən onun hər şeyi edə biləcəyi barədə fikirlər yaranmışdı. Lakin zamanla məlum oldu ki, süni intellekt kontekst yaratmaqda çətinlik çəkir və yaradıcı insanların - dizaynerlərin və rəssamların işini əvəz edə bilmir.
"Videoya görə kontekst yaratmaq yalnız süjetlə deyil, məkan və dünya ilə də bağlı olmalıdır. Süni intellektə başlanğıc üçün bir neçə geometriya və ya tekstura parçası təqdim etməklə, o qalan hissələri yarada bilər. Amma bu ilkin kontekst insan tərəfindən təmin edilməlidir", deyə Huanq bildirib.
"Nvidia"nın yeni DLSS 4 texnologiyası hər real kadra qarşı üç əlavə kadr generasiya edir. Hazırda yalnız piksel səviyyəsində render həyata keçirilir. Lakin Huanqın fikrincə, gələcəkdə süni intellekt geometriya, animasiya və hətta saç teksturlarını da dinamik şəkildə yarada biləcək:
"33 milyon pikselə malik dörd kadrdan yalnız iki milyonunu əslində render edirik. Bu, texnologiyanın möcüzəsidir. Bu yanaşma yalnız vizuallaşdırılan pikselləri deyil, həm də gələcək oyunlarda render ediləcək geometriya, animasiya və digər elementləri əhatə edəcək".
Aydın
Şərhlər