Yaxın Şərqdə artan gərginlik fonunda İranın ballistik raket proqramı yenidən beynəlxalq diqqət mərkəzinə düşüb.
Tehran bu proqramı ölkənin əsas çəkindirici qüvvəsi kimi təqdim etsə də, Qərb dövlətləri onu regional sabitlik üçün ciddi təhlükə hesab edir. Son illərdə baş verən hərbi toqquşmalar və qarşılıqlı zərbələr İranın raket imkanlarının real döyüş şəraitində necə istifadə olunduğunu göstərib.
Qaynarinfo Reuters-ə istinadən İranın raket potensialını, onun növlərini, strateji məqsədlərini və regionda həyata keçirdiyi əməliyyatları təqdim edir:
İranın raket imkanlarının son sınağı 2025-ci ilin iyununda İsraillə baş vermiş 12 günlük müharibə zamanı qeydə alınıb. Həmin qarşıdurma zamanı Tehran İsrail ərazisinə ballistik raket zərbələri endirib. Hücumlar nəticəsində onlarla insan həlak olub, ölkənin mərkəzi və şimal bölgələrində çoxsaylı binalar və yaşayış blokları dağılıb. Müharibə Araşdırmaları İnstitutunun (ISW) və Amerika Sahibkarlıq İnstitutunun "Kritik Təhdidlər” layihəsinin təhlilinə görə, İsrail münaqişə zamanı İranın raket buraxılış qurğularının təxminən üçdə birini məhv edib. Bununla belə, İran rəsmiləri müharibə zamanı dəyən zərərin aradan qaldırıldığını və ölkənin hərbi imkanlarının əvvəlkindən daha güclü olduğunu bildiriblər.
Ballistik raketlər nədir?
Ballistik raket – başlanğıc mərhələdə idarə olunan, daha sonra isə əsasən cazibə qüvvəsinin təsiri ilə sərbəst trayektoriya üzrə hərəkət edən raket tipli silahdır. Bu raketlər adi partlayıcı, eləcə də potensial olaraq bioloji, kimyəvi və ya nüvə başlıqları daşıya bilər. Mənzillərinə görə qısa, orta və qitələrarası olmaqla müxtəlif kateqoriyalara bölünür. Qərb ölkələri İranın ballistik raket arsenalını Yaxın Şərqdə sabitlik üçün hərbi təhdid və Tehran nüvə silahı hazırlayacağı təqdirdə mümkün daşıyıcı vasitə kimi qiymətləndirirlər. İran isə nüvə bombası hazırlamaq niyyətində olmadığını bildirir. İranın raket növləri və mənzilləri ABŞ Milli Kəşfiyyat Direktorluğunun Ofisinin məlumatına görə, İran Yaxın Şərqdə ən böyük ballistik raket ehtiyatına malikdir. İran rəsmiləri əvvəllər bildiriblər ki, ölkənin özünə tətbiq etdiyi 2 000 km-lik maksimum mənzil İsrailə qədər məsafəni əhatə etdiyi üçün müdafiə baxımından kifayətdir. Raket obyektlərinin bir çoxu paytaxt Tehran və onun ətrafında yerləşir. Müxtəlif vilayətlərdə, o cümlədən Kirmanşah və Semnan bölgələrində, eləcə də Fars körfəzi yaxınlığında ən azı beş yeraltı "raket şəhəri”nin mövcud olduğu bildirilir. Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin (CSIS) məlumatına görə, İran arsenalına İsrailə çata bilən bir neçə uzunmənzilli raket daxildir. Bunlar arasında "Sejil” (2 000 km), "Emad” (1 700 km), "Ghadr” (2 000 km), "Shahab-3” (1 300 km), "Khorramshahr” (2 000 km) və "Hoveyzeh” (1 350 km) var. Yarımrəsmi ISNA agentliyi 2025-ci ilin aprelində İsrailə çata bilən doqquz İran raketini əks etdirən infoqrafika yayımlayıb. Bildirilir ki, "Sejil” saatda 17 000 km-dən çox sürətlə uça və 2 500 km məsafə qət edə bilir. "Kheibar”ın mənzili 2 000 km, "Haj Qasem”in isə 1 400 km-dir.
Raketlərin növləri və qət etdiyi məsafələri
ABŞ Milli Kəşfiyyat Direktoru Ofisinin məlumatına görə məlumatına görə, İran arsenalına "Shahab-1” (300 km), "Zolfaghar” (700 km), "Shahab-3” (800–1 000 km), "Emad-1” (2 000 km-ə qədər) və inkişaf mərhələsində olan "Sejil” modeli (1 500–2 500 km) daxildir. Strategiya və inkişaf Tehran bildirir ki, ballistik raketlər ABŞ, İsrail və digər potensial regional hədəflərə qarşı mühüm çəkindirici və cavab zərbə vasitəsidir. ABŞ-da yerləşən Demokratiyaların Müdafiəsi Fondunun əməkdaşı Behnam Ben Taleblunun 2023-cü il hesabatına görə, İran yeraltı raket anbarlarını, buraxılış sistemlərini, eləcə də yeraltı istehsal və saxlama mərkəzlərini inkişaf etdirməyə davam edir. 2020-ci ildə İran ilk dəfə yeraltı platformadan ballistik raket buraxdığını açıqlamışdı. Hesabatda qeyd olunur ki, illərlə aparılan tərs mühəndislik və müxtəlif raket siniflərinin istehsalı İrana raket korpuslarını yüngül kompozit materiallarla hazırlamaq və mənzili artırmaq imkanı verib. 2023-cü ilin iyununda İran rəsmiləri ölkənin ilk yerli istehsal hipersəsli ballistik raketini təqdim etdiklərini bildiriblər.
Dövlət agentliyi IRNA xəbər verib ki, hipersəsli raketlər səs sürətindən ən azı beş dəfə sürətli hərəkət edir və mürəkkəb trayektoriya üzrə uçduğu üçün ələ keçirilməsi çətindir. Arms Control Association qeyd edir ki, İranın raket proqramı əsasən Şimali Koreya və Rusiya dizaynlarına əsaslanır və Çin tərəfindən dəstək alıb. İranın arsenalında həmçinin 3 000 km-ə qədər mənzilə malik, hava vasitəsilə buraxılan və nüvə başlığı daşıya bilən "Kh-55” qanadlı raketi də var.
Regional hücumlar
İran 2025-ci ilin iyununda ABŞ-ın İsrailin hava əməliyyatlarına qoşulmasına cavab olaraq Qətərdə yerləşən "Al Udeid” hərbi bazasına raket zərbəsi endirib. Lakin Tehran əvvəlcədən xəbərdarlıq edib və xəsarət alan olmayıb. Vaşinqton bir neçə saat sonra atəşkəs elan edib. 2024-cü ilin yanvarında İran İnqilab Keşikçiləri Korpusu İraqın yarım-muxtar Kürdüstan bölgəsində İsrailin "casus qərargahını” vurduğunu, həmçinin Suriyada İŞİD silahlılarına zərbələr endirdiyini açıqlayıb. Tehran eyni zamanda qonşu Pakistanda fəaliyyət göstərən Bəluc silahlı qruplaşmasının iki bazasına raket zərbəsi endirdiyini bəyan edib. 2019-cu ildə Səudiyyə Ərəbistanının neft obyektlərinə qarşı dron və raket hücumunun arxasında İranın dayandığı iddia edilsə də, Tehran bu ittihamları rədd edib. 2020-ci ildə isə İran ABŞ-ın pilotsuz aparat zərbəsi nəticəsində İnqilab Keşikçilərinin yüksək rütbəli komandanı Qasım Süleymaninin öldürülməsinə cavab olaraq İraqda, o cümlədən "Ayn əl-Əsəd” aviabazasına raket zərbələri endirib.
Günay
Şərhlər