Xəbər lenti

İdman 10:48 13.05.2026

"Real Madrid"in əfsanəsi ilk klubunu almağa hazırlaşır

"Real Madrid" və İspaniya millisinin sabiq müdafiəçisi Serxio Ramos uşaqlıq klubu olan "Sevilya”nı almağa yaxındır. 

Qaynarinfo xəbər verir ki, "El País” nəşrinin məlumatına görə, təklif olunan razılaşmaya əsasən klubun dəyəri təxminən 400 milyon avro qiymətləndirilir. "Five Eleven Capital” investisiya qrupu ilə birlikdə fəaliyyət göstərən konsorsium klubun 80 faiz səhmini əldə edəcək. Bir səhmin qiymətinin isə 3500 avro olacağı bildirilir.

Qeyd olunur ki, sövdələşmə La Liqa  və İspaniyanın Ali İdman Şurası tərəfindən təsdiqlənməlidir. Əndəlüs təmsilçisi 2001/02 mövsümündən bəri fasiləsiz olaraq İspaniya yüksək liqasında çıxış edir və hazırda aşağı liqaya düşməmək uğrunda mübarizə aparır.

Məqalədə bildirilir ki, "Sevilya” 2022/23 mövsümündə Avropa Liqasını (Komanda ümumilikdə bu turnirin rekordçusudur - 7 dəfə) qazansa da, hazırda La Liqada 13-cü pillədə qərarlaşıb və mövsümün sonuna üç tur qalmış düşmə zonasını cəmi üç xal qabaqlayır. Bu vəziyyət ötən mövsümü xatırladır. Həmin vaxt komanda yalnız 17-ci yeri tutaraq elitada qalmağı bacarmışdı.

40 yaşlı Ramos futbol karyerasına məhz "Sevilya”nın akademiyasında başlayıb. O, 2005-ci ildə "Real Madrid”ə transfer olunub və burada keçirdiyi 16 il ərzində 22 nüfuzlu titul qazanıb.

Ramos xüsusilə 2016-2018-ci illərdə "Real Madrid”in ardıcıl üç dəfə UEFA Çempionlar Liqasını qazanmasında əsas fiqurlardan biri olub.

2010-cu il dünya çempionu və 2008, 2012-ci illərdə Avropa çempionu olan futbolçu 2023-cü ildə PSJ-də keçirdiyi iki mövsümdən sonra bir illik müqavilə ilə "Sevilya”ya qayıtmışdı.

Daha sonra o, Meksikanın "Monterrey” klubunda çıxış edib və bu ilin əvvəlində azad agent kimi komandadan ayrılıb. Ramos hələ rəsmi şəkildə karyerasını başa vurduğunu elan etməyib, baxmayaraq ki, 2023-cü ildə İspaniya millisində çıxışını dayandırıb.

Serxio Ramos İspaniya millisinin heyətində 180 oyun keçirib və 23 qol vurub. Müdafiəçi mövqeyində çıxış edən futbolçu üçün bu göstərici xüsusi nailiyyət hesab olunur.

Aydın
--> -->