Xəbər lenti

Qarabağ kənd təsərrüfatı üçün mərkəz olacaq? - Deputatların şərhi
Ekonomiks 22:20 04.12.2024

Qarabağ kənd təsərrüfatı üçün mərkəz olacaq? - Deputatların şərhi

"Yaxın illərdə işğaldan azad olunan ərazilərdə kənd təsərrüfatı sürətlə inkişaf edəcək. Bunun üçün lazım olan maliyyə vəsaiti də ayrılıb".

Bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri Tahir Rzayev deyib.

Komitə sədri vurğulayıb ki, hazırda bu istiqamətdə texniki proseslər həyata keçirilir və ölkə rəhbərinin tapşırıqları əsasında həmin torpaqların əkin dövriyyəsinə daxil edilməsi artıq gündəmdədir:



"Uzun müddət işğal altında olan torpaqlar düşmən tərəfindən yararsız vəziyyətə salınsa da, orada mühüm tədbirlər həyata keçirilir". 
 
Deputat statistik məlumatlara görə, 600 min hektar torpaq sahəsinin əkin dövriyyəsi üçün hazır olduğunu qeyd edib:

"Həmin torpaqların istifadəyə verilməsi regionda kənd təsərrüfatının inkişafına böyük təkan olacaq".

Parlamentin Aqrar Siyasət Komitəsinin üzvü, deputat Azər Badamov isə Qaynarinfo-ya açıqlamasında bildirib ki, dövlət proqramına görə, işğaldan azad olunmuş ərazilərdə yenidən qurulmuş yaşayış məntəqələrinə qayıdan, sabiq məcburi köçkünlər üçün torpaqların icarəyə götürülüb becərilməsi üçün güzəştli şərtlərlə qaydalar müəyyən olunub.

Deputatın sözlərinə görə, adıçəkilən dövlət proqramına uyğun olaraq yaşayış məntəqələrinin inzibati ərazilərin hüdudları daxilindəki torpaqlar həmin yaşayış məntəqələrinə qayıdacaq insanlar üçün güzəştli şərtlərlə icarəyə veriləcək:



"Yəni keçmiş məcburi köçkünlər üçün öz doğma yurdlarına qayıdandan sonra həmin ərazilərdə əkin-biçin işlərinin aparılması üçün şərait yaradılacaq. İşğaldan azad olunmuş ərazilərdə torpaq islahatı  aparılmayıb. Ölkəmizdə torpaq islahatı  aparılanda bu ərazilər işğal altında idi. İndi 4  ildir ki, torpaqlar işğaldan azad olunub. Artıq hissə-hissə məcbiri köçkünlər öz doğma yurdlarına qayıdır. Qayıdan insanlar üçün torpaqdan istifadə məqsədi ilə imkan yaradılmalıdır".

Azər Badamov deyib ki, torpaq islahatı aparılana qədər öz doğma yurdlarına qayıdan insanlar güzəştli şərtlərlə, yəni az ödənişlə həmin torpaqlara sahib olaraq istifadə imkanı əldə edəcəklər:

"Öz ailələrini dolandıra biləcəklər. Gəlirləri  olacaq və o cümlədən ölkənin ərzaq təhlükəsizliyində onların istehsal etdikləri məhsullar rol oynamağa başlayacaq. Bu o deməkdir ki, işğaldan azad olunmuş torpaqlar artıq dövriyyəyə qayıdır və istehsal proseslərinə qoşulur". 

Azər Badamovun sözlərinə görə, həmin torpaqlardan ancaq işğaldan azad olunmuş rayonların sakinləri faydalana biləcək:

"Digər vətəndaşlara həmin ərazilərdən torpaq verilməsi ilə bağlı qayda yoxdur. Torpaq ancaq həmin ərazilərdə yaşayacaq insanlar üçün müəyyənləşib. Bu gün həmin ərazilərdə torpaq islahatı da aparmaq mümkün deyil. 750 mindən çox məcbiri köçkün var. İndidən torpaq islahatı aparsaq sonradan qayıdacaq məcburi köçkünlərin hüquqlarını pozmuş olarıq. Onlar torpaq islahatından kənarda qala bilər. Öna görə biz əvvəlcə Böyük Qayıdışa dair dövlət proqramını icra etməliyik. Məskunlaşma prosesi başa çatmalıdır və ondan sonra torpaq islahatı aparılaraq dövlət və özəl mülkiyyət müəyyənləşməlidir".

Bahar Rüstəmli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->