Gündəlik həyatda bir çox insanı çox az narahat edən, lakin gecələr yuxudan oyadacaq qədər şiddətlənən əl keyimələri ciddi sağlamlıq probleminin əlaməti ola bilər və laqeyd yanaşıldıqda qalıcı sinir zədələnməsinə səbəb ola bilər. Mütəxəssislər bu əlamətlərin mütləq ciddiyə alınmalı olduğunu bildirirlər.
Sinir sistemini elektrik kabelinə bənzədən həkimlər izah edirlər ki, üzərinə uzun müddət təzyiq düşdükcə kabeldəki keçirici liflər kimi sinirlər də geri dönüşü olmayan zədələrə məruz qala bilər. Gecə saatlarında yaranan keyimələr isə bu sistemin xəbərdarlıq siqnalı kimi qiymətləndirilməlidir.
Qaynarinfo xəbər verir ki, beyin və sinir cərrahiyyəsi üzrə mütəxəssis Prof. Dr. Selçuk Göçmen bildirir ki, əldə hissiyat itkisi və funksional pozğunluğun əsas səbəbi çox vaxt sinirin dar anatomik kanallarda sıxılmasıdır. Onun sözlərinə görə, hansı barmaqlarda keyimənin olması problemin mənbəyini müəyyən etməyə kömək edir: baş, işarə və orta barmaqlardakı keyimə biləkdə karpal tunel sindromuna, üzük və kiçik barmaqlardakı keyimə dirsəkdə kubital tunel sindromuna, bütün ələ və qola yayılan şikayətlər isə boyun fəqərələrində sinir sıxılmasına (boyun yırtığına) işarə edə bilər.
"Öz-özünə keçər” düşüncəsi təhlükəlidir
Bir çox xəstə bu vəziyyətin keçici olduğunu düşünərək həkimə müraciəti gecikdirir. Lakin mütəxəssislər xəbərdarlıq edir ki, sinir sıxılmaları mexaniki təzyiq nəticəsində yaranır və uzun müddət davam etdikdə sinir lifləri funksiyasını itirərək qalıcı zədələnmə və əzələ atrofiyasına səbəb ola bilər.
Erkən mərhələdə bu problem həyat tərzi dəyişiklikləri və fizioterapiya ilə həll oluna bilsə də, gecikdirildikdə əl əşyaları tuta bilməmə, düymə bağlaya bilməmə kimi ciddi güc itkisi yaranır. Bu mərhələdə aparılan cərrahi müdaxilə siniri azad etsə belə, itirilmiş əzələ gücünün bərpası uzun və çətin reabilitasiya tələb edir.
Erkən müdaxilə qalıcı zədələnmənin qarşısını alır
Müalicə üçün əvvəlcə elektromioqrafiya (EMQ) testi ilə sinir keçiriciliyi ölçülür və sıxılmanın dərəcəsi müəyyən edilir. İrəliləmiş hallarda mikrocərrahi üsulla sinir üzərindəki təzyiq aradan qaldırılır və toxuma zədələnməsi minimuma endirilir.
Lokal anesteziya ilə aparılan və təxminən 15–20 dəqiqə davam edən bu əməliyyatlardan sonra pasiyentlər adətən eyni gün evə buraxılır və gündəlik həyatlarına qayıda bilirlər.
Mütəxəssislər vurğulayırlar ki, sinir sistemi təzyiqə qarşı olduqca həssasdır və erkən mərhələdə müdaxilə qalıcı iflic və əzələ itkisi riskini aradan qaldıra bilən ən effektiv yoldur.
Diqqət yetirilməli əlamətlər
Aşağıdakı hallardan biri və ya bir neçəsi müşahidə olunarsa, vaxt itirmədən həkimə müraciət edilməlidir:
Keyimə səbəbindən gecə yuxudan oyanmaq və əl-qolu hərəkət etdirmək ehtiyacı yaranırsa.
Əldə nəzərəçarpacaq güc itkisi varsa.
Keyimə boyun ağrısı və ya qola yayılan kəskin ağrılarla müşayiət olunursa.
Sadə qoruyucu vasitələr və istirahətə baxmayaraq şikayətlər 2 həftədən çox davam edirsə.
Günay
Şərhlər