Bakı şәhәri, Sәbail rayonu, Azәrbaycan prospekti 6 ünvanında yerlәşәn Mәrkәzi Univermağın (MUM) 1-ci mәrtәbәsindә oğurluq hadisəsi olub.
Qaynarinfo-nun məlumatına görə, sözügedən ərazidə 22 ildir qızıl ticarəti ilə məşğul olan Esmira adlı qadına məxsus vitrindən qızıl oğurlanıb. Belə ki, vitrindən bazar dәyәri 1050 manat tәşkil edәn 1 cüt, 585 әyyarlıq "Bulgary" modelinә aid 4.76 qramlıq sırğa götürülüb.
Aparılan araşdırma zamanı qızılın 1997-ci il təvəllüdlü, әvvәllәr mәhkum edilmәmiş V.G. adlı xanım tərəfindən oğurlanması məlum olub. Təqsirləndirilən xanım müştəri qismində daxil olduğu Mәrkәzi Univermaqdan qızıl oğurlayıb. O, izahatında bildirib ki, әvvәllәr ofisiant olaraq işlәsә dә, son zamanlar heç yerdә işlәmәdiyi üçün anası vә azyaşlı övladını dolandırmaq mәqsәdi ilә müxtәlif yerlәrdәn oğurluqlar edib. Taladığı әşyaları sataraq ailәsini saxlayıb.
O, zәrәrçәkmiş şәxsә dәymiş zәrәri ödәdiyini vә onunla barışdığını, peşmançılığını və azyaşlı uşağının olmasını nәzәrә alaraq, barәsindә yüngül cәzanın tәyin edilmәsini xahiş edib.
Məhkəmənin hökmü ilə V.G. Cinayәt Mәcәllәsinin 177.1-ci maddәsi ilә tәqsirli bilinib və 11 ay 28 gün müddәtinə azadlığın mәhdudlaşdırılması cәzasına məhkum olunub. O, cəza çəkdiyi müddətdə elektron nәzarәt vasitәsində gəzəcək.
Aydın
Şərhlər