Xəbər lenti

Dünya 16:18 30.04.2026

"Kopernik" hesabatı: Avropa dünyadan daha sürətli istiləşir, risklər artır

Avropada iqlim dəyişikliklərinin təsiri getdikcə daha çox hiss olunur. Ümumdünya Meteorologiya Təşkilatı və Kopernik İqlim Dəyişikliyi Xidməti tərəfindən hazırlanmış yeni hesabatda qitə ərazisinin ən azı 95%-ində istilik dalğalarının daha tez-tez və daha şiddətli baş verdiyi bildirilir.
 
Qaynarinfo xəbər verir ki, aprelin 29-da dərc olunan sənəddə qeyd olunur ki, Avropa ötən il bir sıra ekstremal hava hadisələri ilə üzləşib. Hesabata görə, qitə dünyanın digər regionları ilə müqayisədə daha sürətlə istiləşir və bu proses El-Nino fenomeninin yenidən aktivləşməsi fonunda daha da güclənə bilər.

Araşdırmada vurğulanır ki, 1980-ci illərdən bəri Avropa qlobal orta göstəricidən təxminən iki dəfə daha sürətlə istiləşir. WMO-nun baş katibi Seleste Saulo bildirib ki, Sakit okeanın ekvatorial hissəsində temperatur artımı ilə müşayiət olunan El-Nino bu il baş verə bilər, lakin bununla bağlı qəti proqnoz vermək hələ tezdir.
 
Eyni zamanda WWF təşkilatı mövcud iqlim tədbirlərinin böhranın miqyasına uyğun olmadığını vurğulayaraq daha ciddi addımların atılmasına çağırıb.
 
Rekord istilər və geniş miqyaslı təsirlər

Hesabatda qeyd olunur ki, Aralıq dənizindən Şimal Qütb Dairəsinə qədər geniş ərazilərdə istilik dalğaları kəskin şəkildə artıb. Şimali Avropada yerləşən Fennoskandiya bölgəsində iyul ayında temperaturun 30°C və daha yuxarı olduğu 21 gün qeydə alınıb ki, bu da əvvəlki rekorddan iki dəfə çoxdur.
Rekord istilər bir sıra ölkələrdə də özünü göstərib. Türkiyədə temperatur ilk dəfə 50°C-ni keçib, Yunanıstanda isə əhalinin 85%-i 40°C-yə yaxın və ya daha yüksək temperaturdan təsirlənib.

İyun ayında İspaniya, Portuqaliya, Fransa və Birləşmiş Krallıq ərazilərində, avqustda isə yenidən Qərbi Avropada genişmiqyaslı istilər müşahidə olunub.

Buzlaqlar ərir, okeanlar qızır

İqlim dəyişiklikləri buzlaqlara və okeanlara da ciddi təsir göstərir. 2025-ci ildə buzlaqlar xalis kütlə itkisi ilə üzləşib. İslandiya 2005-ci ildən sonra ikinci ən böyük illik əriməni qeydə alıb.

Qrenlandiya isə ötən il 139 giqaton buz itirib ki, bu da dəniz səviyyəsinin təxminən 4 millimetr yüksəlməsinə səbəb ola bilər.

Okeanlarda da vəziyyət narahatedicidir – dünya okeanlarının 86%-i ən azı bir gün "güclü istilik” təsiri altında qalıb.

Bu istilik dalğaları biomüxtəlifliyə, xüsusilə Aralıq dənizində dəniz otları ekosistemlərinə ciddi zərbə vurur. Eyni zamanda, meşə yanğınlarının əhatə etdiyi ərazi rekord səviyyəyə – 1 034 550 hektara çatıb.

Bərpa olunan enerji artsa da, kifayət deyil

Hesabatda müsbət məqam kimi qeyd olunur ki, bərpa olunan enerji mənbələri artıq üçüncü ildir ki, elektrik istehsalında fosil yanacaqları üstələyir və ümumi istehsalın 46,4%-ni təşkil edir.

Bununla belə, Avropa Komissiyasının iqlim üzrə baş məsləhətçisi Dusan Çrenek bu səviyyənin yetərli olmadığını bildirib:

"Bu kifayət deyil. Prosesi sürətləndirməliyik və fosil yanacaqlardan mərhələli şəkildə imtina etməliyik”.

Mütəxəssislər xəbərdarlıq edir ki, mövcud tendensiya davam edərsə, Avropa iqlim böhranının ən ağır nəticələri ilə üzləşən əsas regionlardan birinə çevrilə bilər.
 
Günay
--> -->