Xəbər lenti

Qadın 25 il əvvəl itən qardaşını qəzetdə tapdı
Dünya 21:23 27.11.2024

Qadın 25 il əvvəl itən qardaşını qəzetdə tapdı

Kaliforniyada 25 il əvvəl itkin düşən bir kişi ailəsi ilə yenidən görüşməyə hazırlaşır. Qardaşı itən qadın onun şəklini qəzet məqaləsində görərək tanıyıb.

Qaynarinfo xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb.

Məlumata görə, şəxsiyyəti açıqlanmayan bu kişi 1999-cu ildə Kaliforniyanın Doyl şəhərində naməlum səbəbdən yoxa çıxıb. Təxminən 1.80 boyunda olan bu kişinin hazırda 60-65 yaş aralığında olduğu ehtimal edilir.

15 aprel tarixində həmin kişi Los-Ancelesin cənubunda tapılaraq Linvud şəhərində yerləşən St. Francis Tibb Mərkəzinə aparılıb. Ancaq qeyri-verbal vəziyyətdə olduğu üçün nə adını, nə də özü haqqında hər hansı məlumat verə bilməyib.

Altı ay boyunca xəstəxananın sosial xidmətlər şöbəsi onun ailəsi ilə əlaqə yarada bilməyib. İyul ayında həmin şəxs Los-Ancelesdəki başqa bir xəstəxanaya köçürülüb.

Noyabrın 22-də isə bir qadın həmin şəxsin şəklini "USA Today" qəzetinin aprel ayında dərc etdiyi məqalədə görüb tanıyaraq, qardaşı olduğunu müəyyənləşdirib. Bu barədə o, Lassen dairəsinin şerif müavini Derek Kennemorla əlaqə saxlayaraq məlumat verib.

Qadının bildirdiyinə görə, qardaşı 1999-cu ildən bəri itkin düşmüş hesab edilir. Şerif idarəsi dərc edilən məqalənin həmin şəxsi tanımaq üçün kömək istədiyini təsdiqləyib. Daha sonra Los-Anceles Polis İdarəsinin İtkin Şəxslər Bölməsindən olan bir detektiv xəstəxanaya gedərək şəxsin barmaq izlərini yoxlayıb. Nəticələr qadının dediklərini təsdiqlənib.

Kapitan Mayk Karni deyib: "Şerif müavini Kennemor qadınla yenidən əlaqə saxladı və LAPD-nin köməyi ilə həmin şəxsin doğrudan da onun qardaşı olduğunu təsdiqlədik".

Ailə üzvlərinin tezliklə görüşəcəyi təsdiqlənsə də, şəxsin və ailənin məxfiliyini qorumaq məqsədilə adlar açıqlanmayıb. ABC-nin məlumatına görə, itən şəxs "könüllü şəkildə yoxa çıxıb".

Kapitan Karni qeyd edib ki, qadın xəbərdən sonra həddindən artıq sevincli imiş: "O, çox minnətdar idi və digər ailə üzvlərinə məlumat vermək üçün səbirsiz idi. Bu tapıntı onların Şükran Gününü daha da mənalı edəcək".

O, həmçinin bu hadisəni itkin düşənləri tapmaq üçün heç vaxt ümidin itirilməməsinin ən yaxşı nümunəsi adlandırıb: "Belə hallarda inadkar olun. Çünki cavab axtaran ailə üzvləri var".

Aydın




Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->