ABŞ-da "Vibrio vulnificus" adlı ət yeyən bakteriya səbəbindən ölüm hallarının artdığı açıqlanıb.
Qaynarinfo xəbər verir ki, Luizana və Florida ştatlarında indiyədək doqquz nəfər həyatını itirib. Rəsmi qurumlar, bu il əvvəlki illərlə müqayisədə yoluxma hallarının əhəmiyyətli dərəcədə artdığını bildirir.
Mütəxəssislərə görə, bakteriya əsasən isti və duzlu sularda yaşayır, açıq yaralardan bədənə daxil olur və ciddi infeksiyalara yol aça bilir. Xüsusilə çiy dəniz məhsulları, o cümlədən istiridyə istehlakı da yoluxma mənbəyi sayılır. ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzi (CDC) hər il 150–200 yoluxma hadisəsi qeydə alındığını və bu xəstələrin 20 faizinin həyatını itirdiyini açıqlayıb.
CNN-ə danışan və Nyu Orlean yaxınlığında balıqçı kəndində yaşayan Linard Lyons isə bu bakteriyadan möcüzəvi şəkildə sağ çıxanlardan biridir. Kiçik bir cızıqdan bədəninə daxil olan bakteriya onun ayağında sürətlə qara ləkələr yaratmış, həkimlər isə həyatı üçün mübarizə aparmaq məcburiyyətində qalmışdılar. Uzun müalicə və əməliyyatlar nəticəsində ayağını da, həyatını da xilas etmək mümkün olub.
Mütəxəssislər bildirirlər ki, bakteriya ən çox may–oktyabr aylarında, çayların dənizə töküldüyü və suyun duzluluğunun azaldığı ərazilərdə artır. Xüsusilə immun sistemi zəif olan şəxslər üçün ölümcül risk yaradır. ABŞ-da bəzi ştatlarda artıq onlarla yoluxma qeydə alınıb.
Mütəxəssis, ilkin simptomlar – qızartı, şişlik, içi su dolu qabarcıqlar, yüksək hərarət və güclü ağrılar yarandıqda vaxt itirmədən həkimə müraciət edilməsinin həyati əhəmiyyət daşıdığını vurğulayıb. Çünki vaxtında müdaxilə edilmədikdə, ölüm riski 30 faizə qədər yüksələ bilir.
Aydın
Şərhlər