Xəbər lenti

Dünya 12:52 03.09.2025

"Dünyada kapitalizm sistemi dərin böhran içindədir" - Politoloq

"ŞƏT hələlik çox yayğın və zəif təşkilatdır, onun səmərəliliyi aşağı səviyyədədir. Amma Qərb qorxur ki, ŞƏT onun diqtəsinə müqavimət göstərən dövlətlərin səmərəli birliyinə çevrilə bilər".

Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Zərdüşt Əlizadə Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Avropa İttifaqı və ayrıca götürdükdə ABŞ kimi Qərb alyanslarına alternativ ola biləcəyini şərh edərkən deyib. 

"Qərb mütəşəkkildir. Habelə, hərbi-texnoloji cəhətdən digər dünya ölkələrindən daha güclüdür. Dollar dünya valyutası olduğundan ABŞ da dünyada özünün daha yaxşı və yüksək həyat tərzi təmin edilib", deyə ekspert bildirib. 
 


Zərdüşt Əlizadə həmçinin qeyd edib ki, Avropa İttifaqında təmsil olunub, özlərini demokratik adlandıran dövlətlər hazırda dərin böhran içindədirlər: 

"Fransa, Almaniya, Böyük Britaniya, İtaliya, İspaniya, Yunanıstan, ABŞ-da bu hal özünü göstərir. Demokratiya səmərəliliyin ölçülərindən biri olsa da, onun zəmanəti deyil. Çin isə Amerika ilə müqayisədə daha səmərəli siyasət aparır və səmərəli də nəticələr əldə edir. Dünyada kapitalizm sistemi dərin böhran içindədir. Düzdür, özlərini sosialist adlandıran sistemlərin vəziyyəti də yaxşı deyil. Onlar arasında da ciddi böhran əlamətləri hiss olunur".

Həmsöhbətimiz düşünür ki, artıq Qərb dövlətləri dünya üçün hansısa bir örnək rolunu oynaya bilmir: 

"Qərbin aparıcı dövlətləri ən əxlaqsız üsullara əl atır. İnsan hüquqları, dövlətlərin hüquqlarının pozulmasında açıq-aşkar cinayətlərdə, torpaqların ilhaqında, milli, dini, cinsi ayrı-seçkilikdə Qərb artıq əvvəlki kimi deyil. Qərbin imperalist siyasətindən cana doymuş ölkələr də bu səbəbdən öz təhlükəsizliklərinin təmini üçün hansısa bir alyans, ittifaq axtarır. BRICS və ŞƏT onlardan biridir".

Qeyd edək ki, artıq 24 ildir ki, Şanxay Əməkdaşlıq Təşkilatı fəaliyyət göstərir. ŞƏT-in 10 üzvü, 2 müşahidəçi üzvü və 14 dialoq tərəfdaşı var. ŞƏT-ə üzv dövlətlərin ümumi daxili məhsulu 26,15 trilyon dollara və ya dünya göstəricinin 23,49 %-nə çatıb. Bu fonda bir çox siyasilər və analitiklər ŞƏT-in Avropa İttifaqı kimi Qərb alyansına alternativ ola biləcəyini iddia edirlər. Beynəlxalq Valyuta Fondunun 2023-cü il məlumatına görə hazırda Aİ-nin ümumi daxili məhsulu 16 trilyon dollardan çoxdur. ABŞ-da isə bu göstərici 26 trilyon dollardır. Adambaşına düşən ÜDM həcminə görə isə ŞƏT heç bir halda Qərb alyansları ilə müqayisə edilə bilməz. 

Rüfət Sultan

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->