İsveçrədə fəaliyyət göstərən "Citybank"da 49 milyon ABŞ dolları bloklanan həmyerlimiz həmin vəsaiti bankdan geri almaq üçün yollar arayarkən dələduzluqla üzləşib.
Qaynarinfo-nun əldə etdiyi məlumata görə, S.Abdullayev adlı həmin şəxsin qohumlarından biri bu işdə ona kömək edə biləcək bir nəfərin olduğunu deyib. Kənan adlı həmin şəxs isə vəsaiti bankdan geri almaq üçün əvvəlcədən 50 000 ABŞ dolları ödəniş istəyib. O, qeyd edib ki, bu işi Almaniyada yaşayan və İnterpolun zabiti olan dayısı vasitəsi ilə həll edəcək.
Qarşı tərəf əvvəlcədən ödənişin əvəzinə Kənana bankda bloklanmış vəsaitin 1 faizini təklif edib və deyib ki, bu məbləğ 49 milyon ABŞ dolları bankdan geri alınandan sonra verilə bilər. Lakin Kənan bu təkliflə razılaşmayaraq, əvvəlcədən ödəniş olunmasında israr edib.
Nəhayət S.Abdullayevin qohumu Kənana 16 000 ABŞ dolları verib. Razılığa əsasən, pulun yerdə qalan hissəsini Kənanın dayısına verməli imiş. 49 milyon ABŞ dolları bankdan geri alındıqdan sonra vəsaitin 1 faizi Kənanla dayısına çatmalı imiş.
Lakin verilən vəd yerinə yetirilməyib. Kənan və dayısı müxtəlif bəhanələrlə işi uzadıb. Qarşı tərəf bundan sonra şikayətçi olmaq qərarına gəlib.
Şikayətdən sonra Kənan saxlanılıb. Ona Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə ittiham elan edilib. Həmçinin barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilib.
Cinayət işinə Nizami Rayon Məhkəməsində hakim Nəriman Mehdiyevin sədrliyi ilə baxılıb. Kənan məhkəmə zamanı özünü verilmiş ittiham üzrə qismən təqsirli bilib.
Məhkəmənin hökmü ilə ona 2 il 3 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. Onun şübhəli şəxs qismində tutulduğu 2 gün müddət 1 günə 2 gün hesabı ilə təyin olunmuş cəzadan çıxılıb və üzərində qəti olaraq 2 il 2 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılıb.
Seyid
Şərhlər