Şimali Koreya orta mənzilli ballistik raket buraxaraq 1100 kilometrdən çox şərqə doğru uçub və daha sonra dənizə düşüb.
Qaynarinfo xəbər verir ki, bir neçə saat sonra ABŞ Dövlət katibi Entoni Blinken mətbuat konfransında çıxış edərək, bu buraxılışın ABŞ, Cənubi Koreya və Yaponiya arasında əməkdaşlığın vacibliyini bir daha vurğuladığını qeyd edib. Reuters-in məlumatına görə, Blinken real vaxt rejimində raket məlumatlarının mübadiləsi və üçtərəfli hərbi təlimlərin keçirilməsini də önəmli hesab
edib.
"Bugünkü buraxılış, birgə işimizin nə qədər əhəmiyyətli olduğunu xatırladır”, – deyə amerikalı rəsmisi bildirib.
Blinken həmçinin Pxenyanın Moskva ilə münasibətlərinin dərinləşməsindən bəhs edib. O qeyd edib ki, ABŞ-ın fikrincə, Rusiya Şimali Koreyadan Ukraynaya qarşı müharibədə dəstək almaq müqabilində onunla kosmik və peyk texnologiyalarını paylaşmağa hazırdır.
Qeyd edək ki, yanvarın 6-da Pxenyan tərəfindən həyata keçirilən buraxılış, 2024-cü ilin 5 noyabrından bəri ilk belə hadisədir. Həmin tarixdə azı yeddi qısa mənzilli ballistik raket buraxılmışdı.
Bundan əvvəl Şimali Koreya bəyan etmişdi ki, bütün mənzillərə aid raketlərini bərk yanacaqla təchiz etmək üzərində çalışır. Çünki bu tip raketlərin buraxılışdan əvvəl yanacaqla doldurulmasına ehtiyac olmur, onların istismarı daha sadə və təhlükəsizdir, həmçinin daha az logistik dəstək tələb edir.
Alpər
Şərhlər