Xəbər lenti

Dünya 17:21 23.12.2024

"Honda" və "Nissan" 2026-cı ildə birləşir, "Mitsubishi" qoşulmağı nəzərdən keçirir

Dekabrın 23-də "Honda" və "Nissan" şirkətləri bizneslərini birləşdirmək məqsədilə birgə holdinq şirkəti yaratmaq üçün qarşılıqlı anlaşma memorandumunu imzalayıb. 

Qaynarinfo xəbər verir ki, bu barədə şirkətlərin press-relizində məlumat ⁦paylaşılıb.

Plana əsasən, avqust 2026-cı ilə qədər yeni holdinq yaradılaraq birləşmə tamamlanacaq. "Honda" aparıcı tərəfdaş olaraq yeni şirkətdə daha çox təsirə malik olacaq. O, direktorların əksəriyyətini təyin edəcək və prezident vəzifəsi Honda-nın namizədləri arasından seçiləcək.

Yeni şirkətin səhmləri Tokio Birjasında satılacaq, "Honda" və "Nissan" isə delistinq keçirəcək. Bununla belə, hər iki marka qorunub saxlanılacaq.

Bu birləşmə şirkətlərə avtomobil platformalarını standartlaşdırmaq, tədqiqat və inkişaf işlərini birləşdirmək, istehsal imkanlarını optimallaşdırmaq, tədarük zəncirində rəqabətqabiliyyətini gücləndirmək və güclü kadr bazası yaratmaq imkanı verəcək.

"Mitsubishi Motors" da bu biznes inteqrasiyasına qoşulmaq məsələsini nəzərdən keçirir və qərarını 2025-ci ilin yanvar ayının sonuna qədər açıqlayacaq.
"Bloomberg" agentliyinə görə, bu, Yaponiyanın avtomobil sənayesi üçün çox mühüm bir razılaşma ola bilər, çünki üç böyük istehsalçının güclü alyansının yaradılmasına səbəb ola bilər. Yeni holdinq yerli bazarda "Toyota" ilə, xarici bazarda isə Çinin BYD və "Geely" kimi istehsalçıları ilə rəqabət aparacaq.

Bu üç Yapon şirkəti qlobal avtomobil sənayesinin sürətlə akkumulyatorlu elektromobillər və hibrid sistemlərə keçidi, eləcə də daxili yanma mühərriklərindən imtina nəticəsində yaranan ciddi təzyiqlə üzləşirlər. "Honda"nın direktoru Toşihiro Mibe avtomobil sənayesində baş verən dəyişiklikləri "hər yüz ildən bir baş verən hadisə" kimi qiymətləndirib.

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->