ABŞ NATO çərçivəsində hərbi töhfələrini ciddi şəkildə azaltmaq niyyətindədir.
Qaynarinfo xəbər verir ki, "Spiegel” jurnalının məlumatına görə, ötən həftənin sonunda ABŞ müdafiə naziri Pit Heqsetin nümayəndəsi NATO qərargahında alyans üzvlərinin yüksək vəzifəli rəsmilərinə bu plan barədə məlumat verib.
Məlumata əsasən, ABŞ NATO-nun "qüvvə modeli” çərçivəsində təqdim etdiyi əsas hərbi resursların həcmini azaldacaq. Buraya qırıcı təyyarələr, hərbi gəmilər, pilotsuz uçuş aparatları və yanacaq dolduran təyyarələr daxildir.
Buna uyğun olaraq, Vaşinqton alyans daxilində qüvvələrin bölüşdürülməsi ilə bağlı əvvəlki öhdəliklərini azaltmağı planlaşdırır. Avropa ölkələri isə yaranacaq boşluqları özləri doldurmalı olacaq.
2022-ci ildə Rusiyanın Ukraynaya genişmiqyaslı hücumundan sonra NATO daxilində qəbul edilən modelə əsasən, SACEUR (Avropadakı NATO qüvvələrinin ali baş komandanı) müdafiə və çəkindirmə üçün üzv ölkələrin müəyyən hərbi resurslarına birbaşa çıxış əldə edir.
"Spiegel” yazır ki, ABŞ uzun müddətdir alyans daxilində yükün bölüşdürülməsini yenidən formalaşdırmaq istəyir. Əvvəllər bu model "burden sharing” (yükün paylaşdırılması) adlanırdısa, indi daha çox "burden shifting” (yükün ötürülməsi) anlayışı ön plana çıxır.
Məlumata görə, Avropa tərəfi üçün əsas sual ABŞ-ın bu dəyişiklikləri hansı zaman çərçivəsində həyata keçirəcəyidir.
Bildirilir ki, ABŞ-ın töhfəsinin azalması xüsusilə strateji bombardmançılar və qırıcı təyyarələr sahəsində hiss oluna bilər. Məsələn, qırıcı təyyarələr üzrə ABŞ töhfəsinin təxminən üçdə bir azaldılması nəzərdə tutulur.
Eyni zamanda qeyd olunur ki, Avropa ölkələri ABŞ istehsalı olan F-35 qırıcılarının tədarükü hesabına müəyyən boşluğu qismən kompensasiya edə bilər.
Hazırda NATO ölkələri arasında strateji bombardmançı təyyarələrə malik olan əsas güc ABŞ-dır və bu imkan Avropada mövcud deyil. ABŞ-ın alyans çərçivəsində istifadə olunan aviadaşıyıcı gəmiləri də asanlıqla əvəz oluna bilmir.
Bununla belə, Vaşinqton NATO daxilində nüvə çəkindiriciliyini qoruyacağını bildirib.
ABŞ nümayəndəsinin məlumatına görə, donanma səviyyəsində də dəyişikliklər gözlənilir: NATO üçün nəzərdə tutulan esmineslərin sayı azalacaq, sualtı qayıqlar isə alyans çərçivəsində artıq təqdim edilməyəcək.
Kəşfiyyat və pilotsuz sistemlər sahəsində də Avropa ölkələrinin daha çox məsuliyyət götürməsi planlaşdırılır.
ABŞ-ın NATO-dakı nümayəndəsi Veles-Qrin bildirib ki, Vaşinqton sürətlə hərəkət edən tərəfdaşlarla sıx əməkdaşlığa hazırdır. Lakin bəzi iştirakçılar bu bəyanatı dolayı təzyiq kimi qiymətləndirib.
Məqalədə qeyd olunur ki, NATO üzvləri artıq müdafiə xərclərini ÜDM-in 5 faizi səviyyəsinə qaldırmaq barədə razılığa gəliblər.
ABŞ isə "NATO 3.0” konsepsiyası çərçivəsində Avropa ölkələrinin qitənin adi müdafiəsinə daha çox məsuliyyət götürməsini istəyir.
Aydın
Şərhlər