Xəbər lenti

Dünya 16:22 10.12.2024

"Hesab sorulacaq biri varsa, o da Rusiyadır" - Politoloq

"Suriyada Əsədin devrilməsindən sonra Rusiya - Türkiyə münasibətlərində ciddi gərginliyin yaranacağını düşünmürəm. Üstəlik hesab sorulacaq birisi varsa, o da Moskvadır".
 
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Natiq Miri Türkiyənin Suriyadakı müxalif qüvvələri dəstəkləməsinin Ankara ilə Moaskva arasında münasibətləri gərginləşdirəcəyi barədə Dövlət Dumasının beynəlxalq məsələlər üzrə komitə sədrinin müavini Aleksey Çepanın fikirlərini şərh edərkən deyib.

Natiq Miri bildirib ki, Rusiya-Türkiyə münasibətləri nə qədər normal dostluq münasibətləri kontekstində davam etsə də, hər bir dövlətin öz geosiyasi maraqları var: 

"Kreml onu da unutmamalıdır ki, Rusiyanın Türkiyə ilə Soçidə imzaladığı Terrifat və Membiç şəhərlərinin təhvil verilməsilə bağlı anlaşması var. Membiç ABŞ-ın dəstəyilə PKK terrorçularının əlində idi. Ancaq 2016-cı ildən sonra Ankaranın keçirdiyi hərbi əməliyyatlar kontekstində ABŞ bu əraziləri NATO-dakı müttəfiqi Türkiyəyə deyil, Rusiyaya təhvil verib çıxdı. Rusiya isə Soçidə həmin ərazilərdən PKK terrorçularını çıxarmaqla bağlı Türkiyə ilə anlaşma əldə etdi. Lakin bu günə qədər də Putin imza atdığı həmin sənədi yerinə yetirməkdən boyun qaçırır".
 


Bunun səbəbini də ekspert Rusiyanın Türkiyənin burada təsir dairəsinin genişlənməsini istəməməsilə əlaqələndirib:
 
"Bu zaman Rusiya özü zaman-zaman Türkiyəyə qarşı PKK terrorçularından da istifadə edir. Rusiyanın Tartus və Latakiyadakı hərbi bazaları toxunulmamış qalıb. Onların tədricən təxliyə olunmasına imkan yaradılıb. Baxmayaraq ki, hər iki ərazini Suriya müxalifəti azad edib. Deməli, ortada hansısa danışıq və razılaşma var ki, onun da əsas hərəkətverici qüvvəsi Türkiyədir. Rusiya 2016-cı ildən bəri Türkiyəyə verdiyi sözlərə, özünün imzalarına əməl etməyib. Yəni hesab sorulacaq biri varsa, o da Rusiyadır. Moskva onu da anlamalıdır ki, Suriyanı yerlə-yeksan edən də Rusiya qırıcılarıdır. Bütün bunlarla bağlı hesab verməli ikən Türkiyədən hesab sormaq yersiz və absurddur".

Qeyd edək ki, Rusiya Dövlət Dumasının beynəlxalq məsələlər üzrə komitə sədrinin müavini Aleksey Çepa Türkiyənin Suriyadakı müxalif qüvvələri dəstəkləməsi fonunda Ankara ilə Moskva arasındakı münasibətlərin kəskinləşəcəyini proqnozlaşdırıb. 

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->