Fransa prezidenti Emmanuel Makronun Ukraynada Rusiyanın yeni hücumuna qarşı qoruyucu vasitələrdən birinə çevrilə biləcək potensial Avropa sülhməramlı missiyası ilə bağlı planları olduğu iddia edilir və bu məsələdə belə bir layihədə əsas müttəfiqi kimi gördüyü Polşa ilə məsləhətləşəcək.
Qaynarinfo xəbər verir ki, bu barədə "Yevropeyska pravda" Polşanın "Rzecpospolita” nəşrinə istinadən məlumat
yayıb.
Söhbət Rusiya və Ukrayna arasında müharibənin hazırkı mərhələsinə son qoyulması ilə bağlı hansısa Saziş imzalanacağı təqdirdə Avropa ölkələrindən olan sülhməramlı qüvvələrdən gedir.
Nəşrin yazdığına görə, belə bir potensial missiyanın müzakirəsi Makronun dekabrın 12-də Varşavaya səfəri zamanı əsas söhbət mövzusu olacaq və o, çox güman ki, bu barədə ötən şənbə günü ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp və Vladimir Zelenski ilə danışıb.
Jurnalistlərin fikrincə, noyabrın ortalarında Böyük Britaniyanın baş naziri Key Starmerlə təkbətək görüşündə, sonra isə noyabrın 27-də Şimali Avropa ölkələri, Baltik respublikaları və Polşa nümayəndələri ilə görüşdə məhz bu barədə danışılıb.
Belə bir missiya üçün hipotetik layihənin hazırlandığı Parisdə yerləşən IFRI beyin mərkəzinin eksperti Eli Tenebaumun şərhi alınıb. Onun fikrincə, layihə 5-ə qədər briqadadan (təxminən 40 min nəfər) ibarət qüvvə tələb edəcək və Polşa hərbi potensialı və yerləşdiyi yer nəzərə alınmaqla onlardan birinə komandanlıq edə bilər.
NATO Baş Katibinin keçmiş müavini Kamil Qran nəşrə verdiyi şərhlərdə belə bir fikri ifadə edib ki, əgər söhbət sülhməramlı missiyadan gedirsə, mümkün qədər çox ölkənin bu missiyaya cəlb olunması daha yaxşıdır, çünki bu, çəkindirmə effektini artıracaq. Lakin onun fikrincə, layihədə ABŞ-ın ən azı simvolik iştirakı çox vacibdir. Qran düşünür ki, Niderland, bəlkə də hakimiyyət dəyişikliyindən sonra Almaniya layihədə iştirak etməyə hazır olacaq.
Bundan əvvəl digər Polşa KİV-ləri Makronun planlaşdırılan səfəri barədə məlumat vermiş, bunun həftə sonu Vladimir Zelenski və Donald Trampla danışıqlarla bağlı olduğunu qeyd etmişdilər.
Nizami Bağırov
Şərhlər