"Bakı Ankara ilə birlikdə, Suriyadakı prosesləri idarə edəcək".
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Əlimusa İbrahimov Türkiyə və Azərbaycan Prezidentləri arasında olan telefon danışığını şərh edərkən deyib.
Həmsöhbətimizin sözlərinə görə, Azərbaycan və Türkiyə Prezidentləri arasında telefon danışığı iki qardaş ölkə münasibətləri barədə bir müddət əvvəl bəziləri tərəfindən işlədilən xoşagəlməz ifadələrə də son qoydu:
"Azərbaycan-Türkiyə münasibətləri yüksək səviyyədə inkişaf edir. Heç kim bu münasibətləri korlaya bilməz. Telefon danışığından çıxan ilk nəticə budur. 44 günlük müharibədən sonra Azərbaycan dünyanın müxtəlif bölgələrində Türkiyə ilə bərabər bu və ya digər məsələlərin həllində iştirak edir. Məlumdur ki, Suriyada baş verən proseslər də Türkiyənin nəzarəti altındadır. İndiki vəziyyətdə bütün dünya dövlətləri Suriya istiqamətində Ankara ilə əməkdaşlıq etməyə çalışır. Rusiya, İran, ABŞ və Aİ ölkələrinin bu yöndə Ankaraya müraciətlərini xatırlamaq kifayətdir. Suriyada baş verən hadisələrlə əlaqədar Türkiyə hazırda qlobal güclərin diqqət mərkəzindədir. Mövcud situasiyada Suriyada atılan gələcək addımlar Türkiyə ilə razılaşdırılmış əsasda həyata keçəcək".
Ekspert qeyd edir ki, bu istiqamətdə Ankaranın Azərbaycanın da yardımına ehtiyacı var:
"Bakı Ankara ilə birlikdə, o cümlədən Orta Asiya ölkələrini də cəlb etməklə Suriyadakı hadisələri idarə edəcək. Suriyada əsas məsələlərdən biri oradakı türkmənlərlə bağlıdır. Azərbaycan türkmənlərin yerləşdirilməsi, onların formalaşması və institutlaşdırılması istiqamətində Ankaranın yanında olacaq. Bu da öz növbəsində gələcəkdə türk dövlətlərinin daha sıx şəkildə bir yerə toplaşmasında mühüm amil olacaq".
Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Azərbaycan Prezidenti İlham Əliyev arasında telefon danışığı olub. İki dövlət başçısı Suriyadakı son hadisələri, regional və qlobal məsələləri müzakirə ediblər.
Rüfət Sultan
Şərhlər