Xəbər lenti

Siyasət 19:10 11.12.2024

"Paşinyan Konstitusiya dəyişikliyinə getmək istəmir" - Deputat

"Paşinyan bu cür açıqlamaları ilə yalnız bağça uşaqlarını aldada bilər".
 
Bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Arzuxan Əlizadə Ermənistan baş naziri Nikol Paşinyanın ölkə konstitusiyasının heç bir müddəasında qonşu dövlətlərə qarşı ərazi iddialarının olmadığı barədə səsləndirdiyi fikri şərh edərkən deyib.

"Ermənistanın baş naziri növbəti dəfə erməni riyakarlığına əl atıb. Bu da onu göstərir ki, erməni yalanları davam etməkdədir. Ermənistan Konstitusiyasının tərkib hissəsi olan müstəqillik aktında Türkiyə və Azərbaycana qarşı ərazi iddiaları yer alır. Ermənistan Konstitusiya Məhkəməsinin müxtəlif cür interpretasiya oluna biləcək qərarı barədə də məlumatlıyıq. Paşinyan bu cür açıqlamaları ilə yalnız bağça uşaqlarını aldada bilər", deyə Arzuxan Əlizadə bildirib.
 


Deputat qeyd edib ki, bütün bunlar Ermənistanla hər hansı bir danışıqlar aparıb, diplomatik yolla, sivil qaydada hansısa məsələni müzakirə edib, onun həllinə nail olmağın mümkün olmadığını söyləməyə əsas verir:

"Təbii ki, bu cür açıqlamalar heç bir halda Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasına istiqamətlənmiş açıqlamalar deyil. Azərbaycanın beynəlxalq hüquqa söykənən haqlı tələbi var. Qarşı tərəf ölkəmizlə doğrudan da sülh müqaviləsi bağlamaq fikrindədirsə, mütləq mənada Konstitusiyasında dəyişiklik etməlidir. Referendumla konstitusiyasını dəyişməlidir. Paşinyanın bu açıqlaması heç bir halda qəbul edilən deyil və Azərbaycan Ermənistan münasibətlərinin normallaşmasına xidmət etmir".

Arzuxan Əlizadə bildirir ki, Konstitusiyada dəyişiklik olmayınca heç bir halda sülh müqaviləsinin imzalanmasından da söhbət gedə bilməz: 

"Azərbaycan sülh müqaviləsinin imzalanmasında maraqlıdır. Amma Ermənstan bunda daha çox maraqlı olmalıdır. Çünki Azərbaycan problemlərini həll edib, bütün kommunikasiyalar ölkəmiz üçün açıqdır. Ermənistan Konstitusiya dəyişikliyinə getməlidir ki, Azərbaycanla sülh müqaviləsi baş tutsun”. 

Qeyd edək ki, erməni mediasının məlumatına görə, Ermənistanın baş naziri Nikol Paşinyan "X” səhifəsində ölkə Konstitusiyasının heç bir müddəasında qonşu dövlətlərə qarşı ərazi iddialarının olmadığını bəyan edib. "Ermənistan Konstitusiya Məhkəməsi sentyabrın 26-da öz qərarında qeyd edib ki, Konstitusiyanın preambulasında Müstəqillik Bəyannaməsinə istinad yalnız bəyannamənin Konstitusiyanın maddələrində təsbit olunmuş müddəalarına aiddir”,-deyə Paşinyan qeyd edib. Bununla Paşinyan açıq şəkildə bildirir ki, deyilən Konstitusiya dəyişikliyinə getməyəcək. Belə yanaşma isə birmənalı şəkildə sülh danışıqlarının irəliləməsinə əngəl olacaq.

Rüfət Sultan


Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->