Xəbər lenti

Nadir Qafarzadə:
Maqazin 14:22 11.12.2024

Nadir Qafarzadə: "Bizim evdə savadlı, rusdilli insanlar var deyə yerli kanallara baxan yoxdur"

"Altın Kelebek" mükafatlandırma gecəsinə qatılan azərbaycanlıların heç birini tanımıram. Hansı sahələrdə olmağından asılı olmayaraq, bizə yaxın ölkələrdən - Rusiya, Türkiyə, Gürcüstan, İrana gedib mükafat alanlar ancaq özlərini aldadır. Mənə dəfələrlə təklif olunub ki, gəlin, sizə mükafat verək, ancaq razı olmamışam".
 
Bunu Qaynarinfo-ya açıqlamasında müğənni Nadir Qafarzadə Türkiyədə təqdim olunan "Altın Kelebek” mükafatlandırma gecəsindən danışarkən deyib. 

Müğənni hesab edir ki, mükafat mərasimə qatılan şəxslərin sənətinə görə verilməlidir:

"Onlar mərasimdə nə təqdim etdi ki, bu mükafatı ona verdilər? Səhnə arxasında baş verənləri görmək üçün həmin mərasimdə iştirak etməyimizə ehtiyac yoxdur. Türkiyə tamaşaçıları bizim sənətçilərimizdən demək olar ki, heç kimi tanımır. Əgər mən bir ifaçı olaraq Azərbaycandan həmin müsabiqəyə gedənləri tanımıramsa, o bədbəxtlər haradan tanıyacaq? Onlar nə iş gördülər ki, müküfat da aldılar? Azərbaycanın parlayan ulduzları deyirlər, başa düşdük, bunlar harada parladı ki, biz onları görə bilmədik. Adam həqiqəti danışanda ona ya erməni deyirlər, ya da başdan xarab. Ay sizə qurban, oturun yerinizdə, adam ağır yerini yüngül eləməz. İnan səmimiyyətimə, onlar bu mükafatı bizə verəndə uzaqdan gülürlər. Deyirlər ki, "bu azərilər niyə belədir görəsən?”. Oturun Azərbaycanda, ayıbdır. Biz nə vaxta kimi kiməsə görə utanmalıyıq?”. 

Nadir Qafarzadə Türkiyənin ən aşağı səviyyəli sənət adamlarının belə Azərbaycanda tanındığını qeyd edib:

"Hələ mən yuxarı səviyyədə olan sənətçiləri demirəm. Biz onlara baxırıq, dinləyirik. Düzdür, bizim evdə Azərbaycan və türk kanalları yoxdur. Çünki evdə daha savadlı, rusdilli insanlar var deyə bu kanallara baxan yoxdur. Biz başqa şeylərə baxırıq. Bizi daha çox maraqlandıran verilişlərə baxırıq. Ömürboyu seriala baxmamışıq. Seriala evdə boş-bekar qadınlar baxırlar, vaxt öldürmək üçün, mətbəxtə girib nəsə bişirdi və qaldığı yerdən davam etdi. Boşluğu doldurmaq üçün hər şeyə baxırlar. Mənim isə əsəblərimi pozur. İnternetlə qiyabi olaraq dünyanı gəzirəm. Tanımadığım ölkələrə səyahət edirəm, onların mədəniyyəti, tarixi, mətbəxtini öyrənirəm". 

Nadir Qafarzadə deyib ki, müsabiqələrdə iştirak etməkdən imtina edib:

"Mənə maraqlı deyil bu mükafatlar. Mənə yalnız dövlətin verdiyi mükafat lazımdır. Başqa mükafatlar önəm daşımır. Mənim evdə tonlarla mükafatlarım var, yer yoxdur onları yığmağa. Bir gün mənə verilən mükafatları, diplomları yandıracağam. Onlar kimə lazımdır? Evdə yer tutur. Heç nəyə yaramır, ölkənin kağız təhcizatını ancaq mənim evimdəki kağız diplomlarla ödəmək olar. Mən onları niyə götürmüşəm? Özümüz-özümüzü aldatmışıq. Onlar mənə nə verdi ki? Gənc olmuşam, başa düşməmişəm. Qaçıb kim nə verib almışam. İnsan yaşadıqca kamilləşir, nə yaxşı ki, qocalmamışam. Düşündüm ki, boşluqlara yer vermək lazım deyil. Mənim də gəcliyimdə səhvlərim olub. Ancaq çalışıram ki, həmin səhvlərə daha yol verməyim. Əgər sizi tanımırlarsa, nəyəsə görə sizə sevilən mükafatı da qəbul etməyin. Çox təəssüf”. 

Qeyd edək ki, bir neçə gün öncə "Altın Kelebek" mükafatlandırma gecəsi keçirilib. Gecədə "Azərbaycanın parlayan ulduzu" nominasiyası üzrə aktrisa Dəniz Tacəddin, aparıcı Fəridə Abdulla, müğənni Rilaya Hüseynzadə qalib olub. 

Bahar Rüstəmli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->