2024-cü ilin avqustunda astrofotoqraf Rod Prazeres "Instagram"da qəribə bir mesaj alıb. Kiçik bir prodüser şirkəti onun kosmos şəkillərini məxfi saxlanılan elmi-fantastik film üçün istifadə etmək istədiyini yazıb.
Qaynarinfo xəbər verir ki, Prazeres əvvəlcə bunun dələduzluq olduğunu düşünüb. Çünki film şirkətinin birbaşa şəxsi mesaj vasitəsilə əlaqə saxlaması adi hal sayılmır. Buna baxmayaraq, maraq səbəbilə mesajı araşdırıb.
Aylarla davam edən danışıqlar və məxfilik müqaviləsindən sonra həqiqət ortaya çıxıb. Prazeresin çəkdiyi kosmos şəkilləri Endi Ueyrin eyniadlı romanı əsasında çəkilən və baş rolunda Rayn Qoslinqin oynadığı "Project Hail Mary” filminin son titrlərində istifadə edilib.
"Project Hail Mary” mart ayında kinoteatrlarda nümayişə başlayıb. Film həm tənqidçilərdən müsbət rəylər alıb, həm də kassada uğurlu start göstərib.
156 dəqiqəlik ekran əsəri kosmosa olan maraq və həyəcanı canlı saxlamağı bacarır. Hekayə real biologiya, kosmik araşdırmalar və elmi məlumatlara əsaslanır ki, bu da fantastik süjeti daha inandırıcı edir.
Prazeresin real dərin kosmos şəkilləri də bu atmosferi gücləndirib. Prodüserlər son titrlərdə CGI əvəzinə real kosmos görüntülərindən istifadə etməyə üstünlük veriblər.
Prazeres aldığı ilk mesaj barədə belə nəql edir: "İlk düşündüyüm bunun dələduzluq olması idi".
Buna baxmayaraq, mesajda qeyd olunan şirkətin adını araşdırıb. Hətta zarafatla bir "dosye” hazırlayaraq şirkətin həqiqi olub-olmadığını yoxlayıb.
Daha sonra video görüşlər başlayıb və tərəflər məxfilik müqaviləsi imzalayıb. Aylarla şəkillərin filmdə istifadəsi ehtimalı müzakirə edilib.
Lakin bir mərhələdə plan dəyişib. Əvvəlcə bu görüntülərin filmin başqa səhnəsində istifadə edilməsi nəzərdə tutulsa da, sonradan qərar dəyişdirilib və şəkillər son titrlər üçün seçilib.
Bu hekayəni maraqlı edən digər məqam isə Prazeresin astrofotoqrafiyaya yeni başlamasıdır. O, ilk dərin kosmos şəklini 2023-cü ilin iyulunda çəkib. Həmin görüntü "Omega” nebulasına aiddir. NASA-nın məlumatına görə, bu nebula Yer kürəsindən təxminən 5 500 işıq ili uzaqlıqda yerləşir.
Prazeres daha sonra bu sahədə özünü inkişaf etdirməyə başlayıb, seminar və təlimlərdə iştirak edib. Cəmi səkkiz ay sonra çəkdiyi bir nebula şəkli "Royal Observatory Greenwich Astrophotographer of the Year 2024” müsabiqəsində "Ən yaxşı yeni iştirakçı” kateqoriyasında finala yüksəlib.
Prazeresin şəkilləri əslində olduqca sadə şəkildə tapılıb. Film komandası Süd Yolu qalaktikası görüntüləri axtararkən "Google Images” vasitəsilə onun işlərinə rast gəlib və daha sonra "Instagram” üzərindən əlaqə saxlayıb.
Prazeres bu barədə təəccübünü belə ifadə edir: "Bunun baş verəcəyini milyon il düşünsəm belə ağlıma gəlməzdi. Hətta 10 illik təcrübəm olsa da gözləməzdim. Xüsusilə iki il yarımdan sonra heç".
Filmdə istifadə olunan görüntülər uzun və zəhmətli işin nəticəsidir. Prazeres bu şəkilləri ümumilikdə 396 saatlıq çəkiliş nəticəsində əldə edib.
İstifadə etdiyi avadanlıqlar:
* "William Optics RedCat 51 II” teleskopu
* "Askar 130PHQ” teleskopu
* "ZWO” astronomik kameraları
* Müxtəlif filtrlər və aksesuarlar
Şəkillərdə kosmosun ən məşhur nebulalarından bəziləri yer alır:
* "Carina” nebulası
* "Fighting Dragons” bölgəsi ("Ara” bürcündə)
* "Vela” supernova qalıntısı
Prazeres görüntülər üzərində uzun müddət işləyərək qaz və toz buludlarının detallı təsvirini ortaya çıxarıb.
Film üçün hazırlanan görüntülərdə diqqət çəkən başqa bir məqam da var. Prazeres şəkillərdəki bütün ulduzları qəsdən silib. Səbəb isə ulduzların altyazıların önünə keçərək görüntünü qarışıq hala gətirmə ehtimalıdır. Bu məqsədlə xüsusi astrofotoqrafiya proqramlarından istifadə olunub.
Prazeres bu prosesi belə izah edir: "Bunu etmək çətin deyil. Əsas məsələ görüntüdəki real məlumatlara zərər verməməkdir".
Prazeres filmi dünya premyerasından bir neçə gün əvvəl izləyib. Kinoteatrda onun yanında həyat yoldaşı, uşaqları və ailə üzvləri olub. Məxfilik müqaviləsinə görə o, aylar boyunca bu layihə barədə heç kimə məlumat verə bilməyib: "Prodüserlər son anda fikrini dəyişə bilərdi. Ona görə aylarla gözləmək kifayət qədər stressli idi"ş.
Film nümayişə girdikdən sonra isə o, böyük rahatlıq hissi keçirdiyini bildirib: "İndi artıq hamı gördü. Bu hissi izah etmək həqiqətən çətindir".
Aydın
Şərhlər