Bir çox insan mineral suyu sadəcə adi içməli suya alternativ kimi qəbul edir, lakin təbii tərkibinə görə mineral su ürəkbulanma, zəhərlənmə və hətta bəzi xroniki xəstəliklərin qarşısının alınmasında kömək edir.
Qaynarinfo mineral sualarla bağlı vacib məlumatları təqdim edir:
Mineral su mədə üçün faydalıdırmı və ya faydası nədən ibarətdir?
Mineral su yeraltı mənbələrdən çıxarılır və elə çıxarıldığı yerdəcə qablaşdırılır. Buna görə də adi sudan fərqli olaraq onun tərkibində təbii minerallar və mikroelementlər – əsasən kalsium, maqnezium, natrium, hidrokarbonatlar və flüor olur. Suyun dadı və orqanizmə təsiri də məhz bu tərkibdən asılıdır.
Mineral suyun tərkibi mənbədən asılı olaraq dəyişir, buna görə bir su digərindən fərqlənə bilər. Onun əsas üstünlüklərindən biri sümük sağlamlığını dəstəkləməsidir: kalsium və maqnezium sümük toxumasının formalaşmasında və möhkəmlənməsində iştirak edir. ABŞ Milli Tibb Kitabxanasının (NLM) araşdırmasına görə, mineral sudakı kalsium süd məhsullarındakı qədər yaxşı mənimsənilə bilir.
Bundan əlavə, NLM-in digər tədqiqatına əsasən, maqnezium və kalsiumla zəngin su qan təzyiqinin azalmasına kömək edir. Bu minerallar ürək və damarların fəaliyyətində mühüm rol oynayır, onların çatışmazlığı isə tez-tez hipertoniyaya səbəb olur.
Mineral suyun böyrəklər üçün də faydalı olduğu qeyd edilir – o, sidikdə duzların konsentrasiyasını azaldır, pH səviyyəsini normallaşdırır və daşların əmələ gəlməsi riskini azaldır, həmçinin sidik yolları iltihablarının qarşısını almağa kömək edə bilər.
"Elsevier Science” jurnalında dərc olunan araşdırmaya görə isə müntəzəm qazlı mineral su içən insanlarda "pis” xolesterin və trigliseridlərin səviyyəsi azalır, "yaxşı” xolesterin isə artır.
Zərər və fayda - Mineral su nə qədər içilməlidir?
Maqnezium və sulfatlarla zəngin mineral su zəhərlənmə zamanı su-duz balansının bərpasına kömək edir, bağırsaqların işini dəstəkləyir və toksinlərin orqanizmdən daha tez çıxmasına şərait yaradır.
Lakin üstünlükləri ilə yanaşı mənfi cəhətləri də var – bəzi növlərdə natrium miqdarı yüksək olur və bu, azduzlu pəhriz saxlayan insanlar üçün uyğun deyil.
Bundan başqa, plastik butulkalar mikroplastik hissəciklər ehtiva edə bilər və bunun sağlamlığa təsiri hələ tam öyrənilməyib.
Qazlı mineral suyun zərəri isə onun ağız boşluğunda turşuluğu bir qədər artırmasıdır, lakin bu, şəkərli qazlı içkilərlə müqayisədə diş minasına daha az zərərlidir.
Qazlı mineral su eyni zamanda mədə turşusunun ifrazını artıra bilər, buna görə qastrit, xora və ya reflüksü olan insanlarda mədə yanması, ağrı və köp yaranması mümkündür.
Mineral suyun qəbul miqdarı onun mineralizasiyasından asılıdır: süfrə suyu demək olar ki, məhdudiyyətsiz içilə bilər, müalicəvi-süfrə suyu gündə 0,5–1 litrdən çox olmamalıdır, müalicəvi su isə yalnız həkim təyinatı ilə, adətən yeməkdən əvvəl 1 stəkan qəbul edilir.
Həddindən artıq yüksək minerallı suyun qəbulu su-duz balansını poza və xroniki xəstəliklərin gedişini ağırlaşdıra bilər.
Aydın
Şərhlər