Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 19-da Belarus Respublikası Milli Assambleyası Nümayəndələr Palatasının sədri İqor Sergeyenkonu qəbul edib.
Qaynarinfo xəbər verir ki, dövlətimizin başçısı Belarusun Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında (WUF13) yüksəksəviyyəli nümayəndə heyəti ilə iştirak etdiyini dedi.
Sıx dostluğa əsaslanan Azərbaycan-Belarus münasibətlərinin inkişafından məmnunluğunu bildirən Prezident İlham Əliyev bütün sahələr üzrə fəal əməkdaşlığın həyata keçirildiyini vurğuladı. Bu xüsusda parlamentlərarası formatın əhəmiyyəti qeyd edildi. Ölkələrimiz arasında iqtisadi sahədə əməkdaşlığa toxunan dövlətimizin başçısı birgə layihələrin uğurla icra olunduğu dedi.
Qəbula görə minnətdarlığını bildirən İqor Sergeyenko Belarus Prezidenti Aleksandr Lukaşenkonun salamlarını dövlətimizin başçısına çatdırdı.
Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Aleksandr Lukaşenkoya çatdırmağı xahiş etdi.
Qonaq vurğuladı ki, Azərbaycan və Belarus liderlərinin şəxsi əlaqələri ölkələrimizin qurumları arasında əməkdaşlığın inkişafına töhfə verir.
İqor Sergeyenko Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının açılışında iştirak etdiyini deyərək, burada şəhərsalmanın mühüm istiqamətləri üzrə müzakirələrin aparıldığını vurğuladı. Qeyd etdi ki, nüfuzlu beynəlxalq tədbirlərin keçirilməsi ilə bağlı zəngin təcrübəsi olan Azərbaycanda WUF13 də yüksək səviyyədə təşkil edilib.
Söhbət zamanı münasibətlərimizin müxtəlif sahələrdə inkişafı perspektivləri müzakirə edildi, hər iki ölkənin qanunverici orqanları arasında əməkdaşlığın genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparıldı.
***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 19-da Mavriki Respublikasının Prezidenti Daramber Qoxul ilə görüşüb.
WUF13 tədbirində iştirak etdiyinə görə Mavriki Prezidentinə təşəkkürünü bildirən dövlətimizin başçısı onun səfərinin ikitərəfli əlaqələrin inkişafı ilə bağlı müzakirələr aparmaq baxımından da yaxşı imkan yaratdığını dedi.
Prezident İlham Əliyev siyasi münasibətlərimizin səviyyəsindən məmnunluğunu bildirdi.
Mavriki Prezidenti bu tədbirə dəvətə görə dövlətimizin başçısına təşəkkür etdi. Daramber Qoxul ikitərəfli əlaqələrimizin müxtəlif aspektlərini müzakirə etmək baxımından da səfərinin roluna toxundu.
Bakıya səfəri çərçivəsində "ASAN xidmət” mərkəzini ziyarət etdiyini deyən Mavriki Prezidenti oradakı şəraitin onda zəngin təəssürat hissi yaratdığını bildirdi və ölkəsində də bu cür təcrübənin tətbiqində maraqlı olduğunu vurğuladı.
ASAN modelinin yaradılması ilə əlaqədar Azərbaycanın müxtəlif dövlətlərlə əməkdaşlıq etdiyini deyən Prezident İlham Əliyev bildirdi ki, bu xüsusda ölkəmiz Mavrikiyə də dəstək verməyə və təcrübəsini bölüşməyə hazırdır.
Qonaq WUF13 kimi qlobal səviyyəli tədbirin Azərbaycanda keçirilməsinin önəmini vurğuladı.
Daramber Qoxul Mavrikidən olan tələbələrə verilmiş təhsil təqaüdləri ilə bağlı Azərbaycan Prezidentinə təşəkkürünü bildirdi, gələcəkdə bunun daha da artırılması imkanlarına baxılmasını xahiş etdi.
Görüşdə ölkələrimizin beynəlxalq təşkilatlarda əməkdaşlığına toxunuldu, müxtəlif səviyyələrdə qarşılıqlı səfərlərin və təmasların tərəfdaşlığın genişləndirilməsi baxımından rolu vurğulandı. İqtisadiyyat, sərmayələr, enerji, o cümlədən bərpaolunan enerji, turizm və digər sahələrdə əməkdaşlığa dair fikir mübadiləsi aparıldı.
***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 19-da Slovakiya Respublikasının Baş nazirinin müavini, ətraf mühit naziri Tomaş Tarabanı qəbul edib.
Dövlətimizin başçısı özünün ötən il Slovakiyaya, Baş nazir Robert Fitsonun isə ölkəmizə səfərlərini xatırladaraq, son dövrlərdə Slovakiyadan yüksəksəviyyəli nümayəndə heyətlərinin Azərbaycana gəldiklərini qeyd etdi və vurğuladı ki, bu, ölkələrimiz arasında fəal əməkdaşlığın həyata keçirildiyini göstərir. Prezident İlham Əliyev Azərbaycanla Slovakiya arasında mövcud dostluğu və tərəfdaşlığı yüksək qiymətləndirərək, əməkdaşlığın səviyyəsindən məmnun olduğunu dedi.
Qonaqpərvərliyə görə minnətdarlığını bildirən Tomaş Taraba qeyd etdi ki, Slovakiya hər zaman Azərbaycanın yanındadır. O, ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü daim dəstəklədiyini vurğuladı.
Slovakiya Baş nazirinin müavini dedi ki, ölkəsinə qaz lazım olduqda Azərbaycan etibarlı təchizatçı olub.
Tomaş Taraba Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının Azərbaycanda keçirilməsinin önəminə də toxundu.
Xoş sözlərə görə minnətdarlığını bildirən Prezident İlham Əliyev hazırda Azərbaycanın 12 Avropa ölkəsini, o cümlədən Avropa İttifaqının 10 üzv dövlətini qazla təchiz etdiyini dedi, gələcəkdə bu rəqəmin artmasının mümkünlüyünü vurğuladı.
Görüşdə ikitərəfli münasibətlərimizin strateji tərəfdaşlıq xarakteri daşıdığı qeyd edildi, əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparıldı.
Şərhlər