"Avromed Company" Qapalı Səhmdar Cəmiyyəti (QSC) barəsində cərimə protokolu yazılıb.
Qaynarinfo-nun məlumatına görə, dərman şirkəti barəsində İnzibati Xətalar Məcəlləsinin 548.2-ci (Müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun fəaliyyətinin həyata keçirilməsi üçün zəruri olan məlumatların həmin orqanın tələbi ilə maliyyə bazarlarında nəzarət edilən subyekt və emitent tərəfindən təqdim edilməməsinə və ya təhrif olunmuş məlumatın verilməsinə görə) maddəsi ilə inzibati protokol tərtib olunub.
İşə Nəsimi Rayon Məhkəməsinin hakimi Babək Pənahovun sədrliyi ilə baxılacaq.
Protokol təsdiq olunsa, "Avromed Company" QSC min 500 manatdan 2000 manatadək məbləğdə cərimə edilə bilər.
"Avromed Company" uzun illər deputat Cavanşir Feyziyevin şirkəti tanınıb. Lakin 2020-ci ildə şirkətin yaydığı açıqlamaya görə, Cavanşir Feyziyev 2010-cu ilə qədər "Avromed Company" QSC-nin direktoru vəzifəsində çalışıb.
İngiltərədə Cavanşir Feyziyevin ailəsinə məxsus 5.6 milyon funt-sterlinqin müsadirə olunması ilə bağlı materiallarda isə onun 2013-cü ildə viza müraciəti zamanı özünü "Avromed Company" QSC-nin icraçı direktoru kimi təqdim etdiyi bildirilir.
"Avromed"in açıqlamasında sonradan qeyd edilib ki, deputat 2016-cı ildə səhmlərini satıb. Bununla belə, hələ də şirkətin Cavanşir Feyziyevə məxsus olması barədə iddialar var.
Aydın
Şərhlər