Görünənin görünməyən üzü
Yaxud Boris Yeltsinlə görüşü xatırladan "Satqınlar”
2004-cü ilin sentyabr ayında yazıçı dostumuz Fəxri Uğurlunun toyuna yığışmışdıq. Tanıdığım qələm əhlinin çoxu gəlmişdi.
Dostlarla zarafatlaşıb dilxoşluq eləməkdən zövq alan vaxtlarım idi. Toyun axırına yaxın dostlarla havamızı dəyişib yenə sarayın ikinci mərtəbəsinə qalxırdıq. Ayağımı sonuncu pilləyə qoyanda qarşımda şair Qabili gördüm. Xumarlanan iri gözləri, dağınıq saçı, üzündəki ifadə, yerişi – tanımayanda da deyərdi ki, şairdir.
Umud Mirzəyev qolundan yapışıb yola salırdı. Qaçırılası mənzərə deyildi: "Umud, bu kimdir? Səməd Vurğun?”
Elə həyəcanla dedim ki, Qabil məəttəl qaldı. Umud əlini boğazına çəkdi, yəni mən ölüm, qoy yola salım. Rəhmətlik Qabil duruxmuşdu: "Nə Səməd Vurğun, əəə! İndiyə Səməd Vurğun qalar? Mənəm, şair Qabil!”.
Üzümə heyrətlə baxdı, sonra Umuda çevrilib "Bu kimdir belə, məni tanımır?” dedi…
Zarafatım alındı, zala keçdim…
***
"Yutub”da Mariya Pevçixin "Satqınlar” sənədli serialının Boris Yeltsindən bəhs edən birinci hissəsinə təzə baxmışdım. Təsadüfdür, ya nədir, bilmirəm, Helsinqborq şəhər kitabxanasında oxumağa kitab gəzirdim ki, Aleksandr Korjakovun "Борис Ельцин: от рассвета до заката” ("Boris Yeltsin: sübhdən toranadək”) kitabına rast gəldim.
Filmdə dünyaya liberal siyasi lider kimi təqdim olunmuş birinin hakimiyyətin elə ilk günlərindən, bütöv bir ölkənin aclıq keçirdiyi zaman şəxsi rifahı üçün elədiyi korrupsiya fırıldaqlarından, mayası kommunist xəmiriylə yoğurulmuş adamın demokrat obrazının necə yaradılmasından və bu sayaq söhbətlərdən sənədlərin diliylə danışılır.
Kitab haqqında çoxdan eşitmişdim, 1990-cı illərin sonuna yaxın bütün postsovet məkanı ondan danışırdı. Korjakov Rusiyanın ilk prezidenti Yeltsinin şəxsi cangüdəni, təhlükəsizlik xidmətinin rəisi olub. O sənədli filmdən sonra kitab daha da maraqlı gəldi.
Yeltsinin, ailəsinin şəxsi həyatı ilə yanaşı onların iştirakı ilə cərəyan etmiş siyasi olaylar, intriqalarla dolu kitab həm də yaşadığımız burulğanlı tarixin qaranlıq yerlərinə – SSRİ-nin süqutu, müstəqilliyin faciələrlə dolu ilk illərinə işıq tutur, olmuşlar DTK zabitinin müşahidələriylə təsvir edilir.
Hər görünənin görünməyən tərəfi də var. Bu, tək yerdə dağa, göydə aya deyil, hər şeyə aiddir. İllah da tanınmış adamların həyat gizlinlərinə. Sadə adamlara maraqlı gələn də məşhurların o görünməyən, bilinməyən üzüdür.
Qorbaçova müxalif lider kimi siyasi səhnəyə çıxan, "QKÇP” deyilən çevrilişə cəhd zamanı tank üstündə tarixi çıxışını edən, Belovejsk sazişiylə Sovetin iliyini vuran, demokrat, liberal imicli keçmiş kommunist rəhbərin görünməyən üzü kimi.
Yeltsinin simasında siyasətin görünməyən üzünü görmək üçün dediyim kitabı oxumaq, ələlxüsus da "Satqınlar” sənədli serialının "Böyük sui-qəsdin tarixi. Rusiyanı kim və necə işğal etdi” adlı birinci bölümünə (elə hamısına) baxmaq yetər.
Fikrim kitabdan və filmdən ətraflı danışmaq deyil, istəyim bir qənaətimi sizinlə bölüşməkdir. "Keçmiş çekist olmur” deyimi var, mən o deyimi belə davam etdirərdim: keçmiş kommunist də olmur.
***
Fəxrinin toyundan bir ay sonra İssık-Kula, Beynəlxalq Plüralizm Mərkəzləri Şəbəkəsinin növbəti görüşünə getmişdim. Üçgünlük görüş bir vaxtlar Kremlin kommunist boslarının dincəldiyi "Avrora” sanatoriyasında keçirilirdi. Neçə-neçə ölkədən demokratiya fəalı gəlmişdi. O vaxtlar ildə iki dəfə müxtəlif ölkələrdə yığışdığımızdan əksər iştirakçını tanıyırdım, çoxuyla xoş münasibətim vardı, dilxoşluq edəcək qədər yaxın olduqlarım da.
Dedim axı, ömrün oğlan çağlarında çılğın hərəkətlərim az olmayıb. Film də, kitab da öz yerində, o çılğın vaxtların dilxoşluq olaylarından birini də deyim – İssık-Kul sahilində Boris Yeltsinlə görüşdən danışım.
Tədbirin ikinci günüydü, eşitdik ki, Yeltsin gəlib, sanatoriyanın o biri korpusundadır. Axşam yeməyindən sonra yeməkxananın qabağında bir dəstə durub söhbət edirdik. Sanatoriyanın həyətində tünlük idi. Təcili yardım briqadası, milislər, bir neçə xüsusi mühafizəçi maşını vardı. Onda Yeltsin keçmiş prezident kimi xüsusi qorunurdu.
Bir də gördük Qırğızıstanın prezidenti Əsgər Akayevin xanımı Mayram Akayevanın müşayiətiylə gəlir. Ayaqları ataksiya xəstəsi kimi sözünə baxmırdı. Elə uzaqdan babat dəm olduğu bilinirdi. Qələbəliyi görüb səmtini dəyişdi, maşına yox, bizə sarı gəldi. Yaxınlaşıb salam verdi.
Üzümü yanımdakı gürcü dostum İvlian Haindravaya tutub hamının eşidəcəyi səslə soruşdum: "İvlian, kto on? Leonid İliç Brejnev?” Yəni, İvlian, bu kimdir, Brejnevdir?
Bilmirəm Brejnev 22 il qabaq gurultu ilə düşdüyü qəbirdə çevrildi, ya yox, amma dəstəmizin yaşlı üzvləri pıqqıldaşdı, Yeltsin isə üzünü turşudub mənə belə cavab verdi: "Kakoy Brejnev? Vı şto? Ya Yeltsin, Boris Nikolayeviç”. Yəni Brejnev nədir, mən Yeltsinəm, Boris Nikolayeviç.
"Salam, cənab prezident, bilirəm siz də zarafatcılsınız, dedim zarafat edim, əlbəttə, tanıyıram. Sizi tanımayan yoxdur” dedim.
Bizimlə xeyli söhbət elədi. Düzü, danışdıqlarından heç nə anlamasaq da – özbək dostumuza Saakaşviliylə voleybol oynadığını, gürcüyə Lukaşenko ilə əsgərlikdə birgə xidmət etməsini deyirdi – maraqlı idi.
Sonra zavallı Mayram xanım onu maşına apardı.
Biz isə maşın karvanı gözdən itənədək, görünənin görünməyən üzünə keçənədək baxdıq.
Vahid Qazi
İyun 2024
Şərhlər