Süni intellekt əsaslı söhbət robotlarının gündəlik dilimizə və onlayn mühitə təsiri o qədər güclənib ki, artıq özümüzün yazdığı mətnlərin belə "robot məhsulu" kimi qiymətləndirilib-qiymətləndirilməyəcəyi sual altındadır.
Valyuta.az xəbər verir ki, süni intellekt tərəfindən öyrədilən və formalaşdırılan bir dil ekosistemində insanlar fərqinə varmadan robotların danışıq tərzini təqlid etməyə başlayır və bu hal ən sadə forumlardan ən ciddi siyasi çıxışlara qədər geniş sahələrə sirayət edir.
Maks Plank İnstitutunun tədqiqatçıları tərəfindən yayımlanan bir araşdırma da bu təsirin miqyasını ölçməyə çalışıb. ChatGPT-nin istifadəyə verilməsindən sonra "YouTube" istifadəçilərinin söz ehtiyatında "vurğulamaq", "qavramaq", "gücləndirmək" kimi sözlərin daha tez-tez işləndiyi müəyyən edilib. Tədqiqatçılar bu dəyişikliyin söhbət robotlarına məruz qalmaqla sıx əlaqəsi olduğunu bildirirlər.
Bu vəziyyət yalnız akademik təhlillərlə məhdudlaşmır. "Reddit” kimi platformaların icma rəhbərləri onlayn məkanların keyfiyyətsiz, süni zəka tərəfindən yaradılan paylaşımlarla dolduğundan şikayət edirlər. Xüsusilə real insan hekayələri və dram axtarılan icmalarda paylaşımların süni zəka tərəfindən hazırlanması həmin icmaların varlıq səbəbini təhlükəyə atır. Moderatorlar isə bu cür məzmunu ayırd etmə üsullarının yalnız "hissə” əsaslandığını etiraf edirlər. Hətta bəziləri əsas problemin artıq insanların da süni zəka kimi yazmağa başlaması olduğunu düşünür. Bir icma rəhbəri bunu belə ifadə edir: "İnsanlar süni zə kanı, süni zəka isə insanları daha çox xatırladır”.
Siyasətdən qəhvə dükanlarına qədər yayılan qəribə üslub
Bu mədəni ötürülmənin ən diqqətçəkən nümunəsi siyasi sahədə müşahidə olunub. Bir esse müəllifi Birləşmiş Krallıq parlamentinin üzvlərinin çıxışlarını ChatGPT-yə yazdırdıqları iddialarını araşdırarkən maraqlı bir detal aşkarlayıb. ABŞ qanunvericilərinə aid olan "Danışmaq üçün ayağa qalxıram” kimi ifadələrin ingilis deputatları tərəfindən heyrətamiz dərəcədə tez-tez işləndiyi müəyyən edilib. Müəllif bildirir ki, bu ifadə bir gün ərzində 26 müxtəlif millət vəkili tərəfindən səsləndirilib. Bu hal süni zəkanın "mədəni praktikaları onlara aid olmayan məkanlara daşıması” kimi şərh olunur.
Bu yeni və süni üslub ictimai məkanlarda da nəzərə çarpır. Məsələn, məşhur bir qəhvə şəbəkəsinin filiallarında asılan və "Bura sizin qəhvə evinizdir, gündəlik ritminizə toxunmuş, xatirələrin yarandığı...” kimi emosional, lakin formaca uğursuz cümlələrdən ibarət lövhələrdə, ChatGPT-nin ortaya çıxmasından sonra yaranan qəribə və narahatedici düzyazı tərzi özünü göstərir. Fərqinə varsak da, varmasaq da, bu üslubun müəyyən hissəsi artıq hamımızın düşüncə tərzinə yerləşib və dilimizin təbii axınını təhdid edir.
Aydın
Şərhlər