Amerikalı müğənni və bəstəkar Billi Ayliş milyarderləri sərvətlərini ehtiyacı olan insanların xeyrinə istifadə etməyə çağırıb.
Qaynarinfo CBC-yə istinadən xəbər verir ki, 23 yaşlı sənətçi bu çıxışı Nyu-Yorkda keçirilən "WSJ Magazine Innovator Awards” mərasimində "İlin musiqi yenilikçisi” mükafatını alarkən edib. Emosional nitqində o, tədbirdəki imkanlı qonaqlara səslənib:
"Biz dünyanın çox ağır və qaranlıq dövründəyik, insanlara bu qədər mərhəmət və kömək heç vaxt bu qədər lazım olmayıb. Əgər pulunuz varsa, onu yaxşı işlər üçün istifadə etmək, bəlkə də, ehtiyacı olanlarla bölüşmək çox gözəl olardı".
Mərasimdən az əvvəl açıqlanmışdı ki, Ayliş "Hit Me Hard and Soft” turundan əldə etdiyi gəlirdən 11,5 milyon dolları ərzaq bərabərliyi proqramlarına, iqlim dəyişikliyi ilə mübarizəyə və karbon emissiyalarının azaldılmasına yönəldəcək.
Müğənni çıxışında əlavə edib: "Hamınızı sevirəm, amma burda məndən qat-qat çox pula sahib insanlar var. Əgər sən milyardersənsə, nəyə görə milyardersən? Düşmənçilik etmirəm, amma ciddi deyirəm - paylaş pullarını".
"People" nəşrinin xəbərinə görə, zalda "Meta” şirkətinin rəhbəri Mark Zukerberq də olub və o, Aylişin çıxışını alqışlamayıb. Onun yanında həyat yoldaşı Prissilla Çen olub. Tədbirdə həmçinin rejissor Spayk Li, model Heyli Biber, musiqiçi "Questlove”, aktyorlar Adam Skott və Brittani Sno da iştirak ediblər.
Aydın
Şərhlər