"Microsoft" şirkətinin qurucusu Bill Qeyts bəyan edib ki, iqlim dəyişikliyi insanlığın məhv olmasına səbəb olmayacaq.
Qaynarinfo-nun məlumatına görə, 122 milyard dollar sərvətinin böyük hissəsini iqlim dəyişikliyi ilə mübarizəyə sərf edən milyarder bu dəfə hesab edir ki, dünya liderləri diqqəti başqa təhlükələrə yönəltməlidirlər. Bu barədə "Daily Mail" yazır.
Əgər iqlim dəyişikliyi insanlığı məhv etməyəcəksə, o zaman nə edəcək? Mütəxəssislərin fikrincə, sərt həqiqət budur ki, iqlim fəlakəti baş verməmişdən çox əvvəl bəşəriyyət özünü məhv edə bilər. Dünyanın müxtəlif laboratoriyalarında yaradılan süni intellekt modelləri və ölümcül bioloji silahlar insanın öz əli ilə yaratdığı məhvedici alətlərə çevrilir. Lakin "ekzistensial risklər”i araşdıran alimlərə görə, ən böyük təhlükə hərtərəfli nüvə müharibəsi riskindən qaynaqlanır.
Qlazqo Universitetinin beynəlxalq münasibətlər üzrə eksperti doktor Ris Krilli bildirib: "Əsas fərq zamandadır: iqlim dəyişikliyi onilliklər ərzində inkişaf edir, nüvə müharibəsi isə sivilizasiyanı bir neçə saat ərzində məhv edə bilər".
Bill Qeytsin COP30 öncəsi xəbərdarlığı
Braziliyada keçiriləcək BMT-nin COP30 iqlim sammiti ərəfəsində açıq məktubla çıxış edən Bill Qeyts vurğulayıb ki, iqlim dəyişikliyi insanlıq üçün ən böyük təhlükə deyil. 70 yaşlı milyarder etiraf edib ki, iqlim dəyişiklikləri "yoxsul təbəqələrə daha çox zərər vuracaq”, lakin "apokalipsisə dair panik proqnozlar”ın əsassız olduğunu qeyd edib.
"İnsanlar yaxın gələcəkdə Yer kürəsinin əksər bölgələrində yaşaya və inkişaf edə biləcəklər”, deyə o yazıb. Bununla belə, bir çox ekspertlər uzunmüddətli perspektivdə bəşəriyyətin "yaşayıb çiçəklənə biləcəyinə” şübhə ilə yanaşır.
Krillinin sözlərinə görə, artıq nüvə müharibəsi ehtimalı uzaq və ya qeyri-real görünmür: "Silahlar mövcuddur, nüvə dövlətləri arasında gərginlik artır və bu dövlətlər güc tətbiq etməyə, hətta nüvə silahı ilə hədələməyə daha çox meyillidirlər. Soyuq müharibə dövründə nüvə münaqişəsinin baş verməməsi müəyyən mənada sadəcə bəxtin işi idi".
Araşdırmalar göstərir ki, məhdudmiqyaslı nüvə müharibəsi belə bəşəriyyətin sonu ola bilər. Partlayışlar nəticəsində yaranan yanğınlar atmosferə küllü miqdarda toz və kül buraxaraq Günəş işığının qarşısını alar və Yer kürəsini "nüvə qışı”na sürükləyə bilər. Mövcud modellərə əsasən, belə qarşıdurma qlobal temperaturu təxminən 10°C azaldaraq kənd təsərrüfatını tam çökdürəcək. Cəmi 100 nüvə başlığının istifadəsi belə iki milyard insanın aclıqdan ölməsinə səbəb ola bilər. Hal-hazırda dünyada 12 mindən çox nüvə başlığı mövcuddur.
Bioloji silah və təsadüfi fəlakət riski
Nüvə təhlükəsindən başqa, bəzi tədqiqatçılar süni biologiya vasitəsilə yaradılan bioloji silahların potensialından ciddi narahatdırlar. 1973-cü ildə ilk genetik modifikasiyalı bakteriyalar yaradıldıqdan sonra bəşəriyyətin ölümcül xəstəliklər istehsal etmək bacarığı davamlı şəkildə artmaqdadır.
Süni intellekt texnologiyalarının inkişafı belə virus və bakteriyaların hazırlanmasını asanlaşdırır, bu isə onları terror təşkilatları və ya "nizo dövlətlər” üçün əlçatan edir. Hətta laboratoriyadan təsadüfi sızma belə, bəşəriyyətin tarixində görünməmiş miqyasda pandemiyaya səbəb ola bilər.
İqlim dəyişikliyi ekzistensial risk kimi
Qeyts iqlim dəyişikliyinin insanlığı məhv etməyəcəyinə inansa da, bir çox alimlər bu fikirlə razılaşmır. Kembric Universitetinin Ekzistensial Risklər üzrə Mərkəzindən doktor Cey Bird bildirib: "Elə bir realist ssenari yoxdur ki, bütün insanlar istidən ölsün və ya dəniz səviyyəsinin qalxması nəticəsində məhv olsun. Amma iqlim dəyişikliyi bizi dolayı yolla öldürə bilər – siyasi sabitliyi pozmaqla, üçüncü dünya müharibəsinə və ya qlobal iqtisadi çökməyə səbəb olmaqla”ə.
Mütəxəssislər hesab edirlər ki, iqlim dəyişiklikləri artıq quraqlıqları, daşqınları və fırtınaları gücləndirir, resurs çatışmazlığı yaradır və kütləvi miqrasiyaya səbəb olur. Bu proseslər geosiyasi sabitliyi sarsıdaraq yeni münaqişələrə yol aça bilər. İqlim böhranı, xüsusən nüvə dövlətləri arasında gərginliyi artırmaqla, təsadüfi və ya səhv nəticəsində yaranan fəlakətlərin riskini çoxaldır.
Doktor Ris Krillinin sözlərinə görə, məhz buna görə iqlim dəyişikliyini insanlıq üçün ekzistensial təhlükə kimi qəbul etmək tamamilə əsaslıdır.
Aydın
Şərhlər