Azərbaycanda il ərzində müxtəlif bayramlar qeyd olunur. Onlardan ən yaddaqalanı və təmtəraqla qeyd ediləni isə Yeni il bayramıdır. Bu bayramın əsas atributlarından biri də süfrələrin bəzəyidir.
Süfrələrin gözəl olması ilə yanaşı ən mühüm şərtlərdən biri də bişirilən yeməklərin, şirniyyatların sağlamlığa zərər verməməsidir. Amma reallıqda isə əksəriyyət insanlar bunların heç birinə əhəmiyyət vermədən həmin günü süfrəyə ən azı 5 yemək növü, 2-3 salat və cürbəcür şirniyyatlar qoyur.
Bayram süfrəsində diqqət çəkən məqamlardan biri də süfrəyə həm də balıq və balıq məhsullarından olan yeməklərin düzülməsidir.
Bayramlarda qidalanma rejimi necə olmalıdır? Mədə-bağırsaq, qaraciyər, öd kisəsi və mədəaltı vəzi xəstəlikləri üzrə mütəxəssis, həkim Tərlan Qasımov Qaynarinfo-ya açıqlamasında insanları düzgün qidalanmaya səsləyib:
"Eyni vaxtda qarışıq yemək yeməkdən çəkinin, bu, çox zərərlidir. Yəni, bir dəfəyə bir neçə cür yeməkləri yeməyin. Balıqla yanaşı ət yemək olmaz. Az miqdarda eyni məhsullardan hazırlanan iki cür yemək yeyilərsə onun problemi olmayacaq. Yeməklərin təkrar-təkrar qızdırılması yolverilməzdir. Düzdür, soyuq yemək məsləhət deyil. Mikrosobalarda qızdırılan qidaların orqanizmə zərəri var. Yemək qaydasında, yəni qazda qızdırılarsa və eyni zamanda günlərlə qalmasa problemlər olmaz. Yeməklərin günlərlə qalmasının özü belə məsləhət deyil, bunlardan çəkinin".
Şirniyyatlara gəlincə, həkim bunlardan uzaq durmağı tövsiyə edir:
"Bunlar insanları kökəldir. Onlardan çox istifadə etmək məsləhət deyil. Hər şeyi təzə və vaxtında yemək lazımdır”.
Bahar Rüstəmli
Şərhlər