Hindistanın neft emalı zavodları, Rusiya neftinin tədarükündəki azalmanı kompensasiya etmək üçün Yaxın Şərqdən daha bahalı alternativlərə müraciət edib.
Qaynarinfo "Bloomberg"ə istinadən xəbər verir ki, "Bharat Petroleum Corp." şirkətinin maliyyə direktoru Vetsa Ramakrişna Quptanın sözlərinə görə, tədarükdəki boşluğu doldurmaq üçün İraq, BƏƏ və digər ölkələrdən alternativ neft alınmasına dair tenderlər elan edilib. Bu addım, son həftələrdə Hindistana Rusiya neftinin tədarükünün azalması səbəbindən atılıb.
Rusiya 2022-ci ildə Ukraynaya genişmiqyaslı müdaxilədən sonra Hindistan üçün əsas neft ixracatçısına çevrilmişdi. Lakin Qərbin Moskvanın "kölgə donanması"na qarşı sanksiyaları və Rusiya neft emalı zavodlarının daxili bazara yönəlməsi nəticəsində tədarük həcmləri azalıb.
Yaxın Şərqdən gətirilən neftin bir bareli, Rusiya Urals markasından 2 dollar baha başa gəlsə də, ümumilikdə bazarda neft qıtlığı yoxdur. BPCL şirkəti hazırda mövcud illik müqavilələr çərçivəsində tədarüklərin həcmini artırmağı planlaşdırmır. Yeni müqavilələr üzrə danışıqlar gələn ay başlayacaq.
"Kpler" analitik şirkətinin məlumatına əsasən, bu ay Hindistana Rusiya neftinin idxalı gündəlik 1,47 milyon barelə düşüb ki, bu da 2023-cü ilin dekabrından bəri ən aşağı göstəricidir.
G7 ölkələri 2022-ci ilin sonunda Rusiya neftinin qiymətini məhdudlaşdırmaq üçün 60 dollar həddini müəyyən edib. Həmçinin, Qərb şirkətləri bu qiymətdən baha satılan Rusiya neftini sığortalamaq və ya daşınmasını təmin etmək hüququndan məhrum edilib. ABŞ və Aİ isə Rusiya neftinin birbaşa idxalına embarqo tətbiq edib.
Rusiya bu sanksiyaları yan keçmək üçün "kölgə donanması" adlı tanker şəbəkəsi yaradıb, lakin G7 ölkələri bu donanmaya qarşı əlavə sanksiyalar tətbiq edir. Hazırda Qərb, Rusiya neftindən gələn gəlirləri daha da azaltmaq üçün yeni tədbirləri, o cümlədən maksimal ixrac qiymətinin 40 dollara endirilməsini müzakirə edir.
Aydın
Şərhlər