Xəbər lenti

Azərbaycan və Ərəb dünyası: Müstəqilliyimizi tanıyan ilk ərəb dövləti…
Siyasət 12:06 28.02.2025

Azərbaycan və Ərəb dünyası: Müstəqilliyimizi tanıyan ilk ərəb dövləti…

(Yazı "Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi” mövzusu üzrə hazırlanıb) 

Azərbaycan müstəqillik əldə etdikdən sonra onun əlaqə yaratdığı ölkələr sırasında Ərəb dünyası ölkələri də mühüm yer tutur. Ölkəmizin müstəqilliyini ilk tanıyan ərəb ölkəsi Birləşmiş Ərəb Əmirliyi (BƏƏ) olub. BƏƏ ilə diplomatik münasibətlər 1992-ci ildə qurulub. 2017-ci ildən bəri Dubay şəhərində ölkəmizin ticarət nümayəndəliyi, 2019-cu ildən isə "Azərbaycan Ticarət Evi" fəaliyyət göstərir. 2024-cü ilin məlumatına görə, Azərbaycanda BƏƏ investisiyalı 350-dən çox kommersiya qurumu qeydiyyatdadır. İki ölkə arasında əlaqələrin inkişafında enerji sektorunun xüsusi payı var. Azərbaycana BƏƏ-dən kimya və neft-kimya, maşınqayırma məhsulları, elektrotexnika avadanlığı, yüngül və yeyinti sənaye məhsulları gətirilir. Azərbaycandan BƏƏ-yə isə kimya və neft-kimya sənaye məhsulları, yeyinti sənayesi və metallurgiya məhsulları ixrac edilir.

Səudiyyə Ərəbistanı ilə Azərbaycan arasında energetika sahəsində Əməkdaşlıq Sazişi imzalanıb. Bundan başqa, Azərbaycanın Misir, İordaniya və digər ərəb ölkələrilə də əlaqələri durmadan inkişaf edir. 

Mövzu ilə bağlı Qaynarinfo-ya açıqlamasında konfliktoloq, Yaxın Şərq üzrə mütəxəssis Azər Hüseynov bildirib ki, Azərbaycanın ərəb ölkələri ilə əlaqələri kifayət qədər yüksəkdir və müxtəlif sahələri əhatə edir:

"İlk növbədə, siyasi və diplomatik münasibətlərdən danışmaq olar. Azərbaycan ərəb ölkələri ilə həm ikitərəfli, həm də beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq edir. İslam Əməkdaşlıq Təşkilatı və Ərəb Dövlətləri Liqası kimi qurumlarda sıx əməkdaşlıq mövcuddur. Xüsusilə Qarabağ məsələsində bir çox ərəb ölkəsi Azərbaycanın haqlı mövqeyini dəstəkləyib. Son olaraq, Prezident İlham Əliyevin Suriya rəhbəri Əhməd Şaraya göndərdiyi dəvət məktubu da Azərbaycanın ərəb dünyası ilə əlaqələrinin genişlənməsinə verdiyi önəmi göstərir".



Ekspert qeyd edir ki, iqtisadi sahədə də əlaqələr dinamik inkişaf edir:

"Azərbaycan bir sıra ərəb ölkələri ilə enerji və ticarət sahəsində əməkdaşlıq edir. Məsələn, Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanı Azərbaycanın iqtisadiyyatına investisiya qoyan əsas ərəb ölkələrindəndir. Hətta 2023-cü ildə BƏƏ-nin "DP World" şirkəti Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ilə əməkdaşlığa başlayıb. Eyni zamanda, Səudiyyə Ərəbistanının "ACWA Power" şirkəti Azərbaycanda bərpa olunan enerji layihələrinə sərmayə yatırır. Qətər və Küveytin enerji şirkətləri də bu sahədə Azərbaycanla əməkdaşlıqda maraqlıdır". 

Azər Hüseynov bildirir ki, ərəb ölkələrilə turizm sahəsində də əlaqələrimiz olduqca aktiv müstəvidədir: 

"Son illərdə Körfəz ölkələrindən, xüsusilə BƏƏ, Səudiyyə Ərəbistanı və Qətərdən Azərbaycana turist axını nəzərəçarpacaq dərəcədə artıb. Azərbaycan da ərəb ölkələrində mədəniyyət günləri, sərgilər və festivalar təşkil edir ki, bu da xalqlar arasında qarşılıqlı anlaşmanı və dostluğu daha da möhkəmləndirir".

Konfliktoloq deyir ki, Azərbaycan ərəb dünyası ilə təhsil və humanitar sahələrdə də geniş əməkdaşlıq edir: 

"Hər iki tərəfdən tələbə mübadiləsi həyata keçirilir, ərəb ölkələri Azərbaycanda islam mədəniyyəti və dini təhsil sahəsində müxtəlif layihələrdə iştirak edirlər".
  
Həmsöhbətimizin fikrincə, Azərbaycanın əlaqə yaratdığı bir nömrəli ərəb ölkəsi BƏƏ-dir:

"Əgər ərəb ölkələri içərisində Azərbaycanla daha fəal əməkdaşlıq edənləri qeyd etsək, ilk növbədə Birləşmiş Ərəb Əmirliklərini göstərmək olar. Bu ölkə həm investisiya, həm ticarət, həm də turizm sahəsində ön plandadır. Səudiyyə Ərəbistanı enerji və iqtisadi layihələrdə mühüm rol oynayır. Qətər neft-qaz sektorunda əməkdaşlıq imkanlarını genişləndirir və investisiyalar qoyur. Misir isə siyasi və mədəni əlaqələr baxımından xüsusi yer tutur. Ümumilikdə Azərbaycanın ərəb ölkələri ilə münasibətləri dostluq və qarşılıqlı maraqlara əsaslanır. Hər iki tərəf bu əlaqələri daha da inkişaf etdirmək niyyətindədir və gələcəkdə əməkdaşlığın daha da genişlənəcəyi gözlənilir".

Rüfət Sultan

Material Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.


Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->